Kamran Əliyev: “Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı istintaq davam etdirilir”
“Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı istintaq davam etdirilir”.
“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sənədlərin tədqiq edilir, digər əməliyyatlar aparılır: “İstintaqın işi ilə məlumat verə biləmərəm”.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 2012-2014-cü illərdə İqtisad Universitetinin rektoru deputat Şəmsəddin Hacıyev olub.
886 dəfə oxundu