Şəhidin 5 övladı olduğu halda “şəhid ailəsi” statusu valideynlərinə verilib – RƏSMİ AÇIQLAMA

Şəhidin 5 övladı olduğu halda “şəhid ailəsi” statusu valideynlərinə verilib –
Vətən Müharibəsi zamanı şəhid olmuş Gəncə sakini Elşad Fərəcullayevin keçmiş həyat yoldaşı Leyla Fərəcullayeva bildirir ki, onların 5 övladı olduğu halda “şəhid ailəsi” statusu E. Fərəcullayevin valideynlərinə verilib.

L. Fərəcullayeva bununla bağlı Yeniavaz.com-a danışıb və bildirib ki, buna görə də aylıq və birdəfəlik müavinət şəhid Elşad Fərəcullayevin valideynlərinə verilib:

2014-cü ildə biz Elşadla boşanmışıq. Lakin boşandıqdan sonra da onunla birgə eyni evdə yaşamışıq. Sonuncu övladımız dab u zaman dünyaya gəlib”.

L. Fərəcullayeva 5 övladı ilə birgə qaynatasına məxsus bir otaqlı evdə yaşadığını deyir və heç bir maddi gəlirinin olmadığını bildirir. O “şəhid ailəsi” statusunun və nəzərdə tutulan aylıq müavinətin E. Fərəcullayevin övladlarına verilməsini istəyir.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Yeniavaz.com-a açıqlama verib və bildirib ki, məsələ artıq öz hüquqi həllini tapıb:

“Vətən müharibəsində şəhid olmuş Gəncə şəhər sakini Fərəcullayev Elşad İsa oğlunun hüququ ailə üzvlərinə - ata, ana və 5 övladına 1/7 pay olmaqla Prezident təqaüdü təyin edilib. 500 manat məbləğində olan Prezident təqaüdü 7 nəfər arasında bərabər bölüşdürülməklə hər bir şəxs üçün 71 manat 43 qəpik müəyyən edilib.

Şəhidin ata, anasına və 5 uşağına Prezident təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilib. Uşaqlara təyin olunan Prezident təqaüdü şəhidin keçmiş həyat yoldaşı Fərəcullayeva Leyla Əsədulla qızının adına rəsmiləşdirilib. Hər bir uşağa ayda ayrı-ayrılıqda 71 manat 43 qəpikdən hesablanmaqla 357 manat 15 qəpik, həmçinin, hər uşağa 80 manatdan, əlavə olaraq anaya 8 yaşınadək uşağa qulluğa görə 80 manatdan hesablanmaqla 480 manat ailə başçısını itirməyə görə sosial müavinət, eyni zamanda hər uşağa şəhid övladlarına təyin olunan 21 manatdan hesablanmaqla aylıq 105 manat ödəniləcəkdir.

Qeyd edək ki, bununla da ümumilikdə şəhidin həyat yoldaşı və uşaqlarına 942 manat 15 qəpik ödəniş həyata keçiriləcək”.

Xatırladaq ki, şəhid Elşad Fərəcullayev müharibəyə könüllü olaraq yollanıb və noyabr ayının 8-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...