Vüqar Səfərlinin məhkəməsi təxirə düşdü

Vüqar Səfərlinin məhkəməsi təxirə düşdü

Bakı Apelyasiya Məhkəməsində ləğv olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli apelyasiya şikayətiüzrə bu gün keçirilməli olan məhkəmə iclası baş tutmayıb.

“Report”un xəbərinə görə, hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi proses yanvarın 26-na təxirə salınıb.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində V.Səfərli barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri ilə seçilib.

V.Səfərli həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət versə də, təmin edilməyib. Şikayət Binəqədi Rayon Məhkəməsinin həmin qərarından verilib.

V.Səfərli KİVDF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə həbs edilib.

İttihama görə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...