Əxlaqsızlıq yuvasından pul tələb edən "jurnalistlərə" 5 il həbs verildi -
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Kriminal və Bəşəriyyət" qəzetinin təsisçisi Şahin Orucov və "Korrupsiya və Qanun" qəzetinin redaktoru Cəlil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə hər iki jurnalist 5 il müddətə azadlıqdan məhrum edilib. İstintaq dövründə zamində olduqlarından onlar məhkəmə zalındaca həbs edilib.
Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən "Metallurq” adlı kafedə əxlaqsız yuva təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, video görüntülər çəkiblər. Özlərini jurnalist kimi təqdim edərək, çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər. Hər iki şəxs Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham edilib.
1114 dəfə oxundu