Mobil telefonlar bahalaşacaq - 10 İL İŞLƏMƏYƏN QANUN NİYƏ İNDİ YADA DÜŞDÜ?

Mobil telefonlar bahalaşacaq -
Razi Abasbəyli: "Məntiqlə şəxsi istehlak məqsədilə idxal edilən məhsullar vergiyə cəlb edilməməlidir, bu qanun isə faktiki olaraq bazarda bahalaşmaya və qıtlığa səbəb olacaq"

"Artıq fevralın 15-dən Azərbaycana şəxsi istifadə üçün gətirilən mobil telefonlara gömrük rüsumu tətbiq edilir. İndi telefon sahibləri onun dəyərinin 36 faizi həcmində rüsum ödəyəcək. Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarının 1 saylı əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir". Hurriyyet.az xəbər verir ki, bunu müstəqil iqtisadçı ekspert Razi Abasbəyli qeyd edib.

Bunun yeni qanun olmadığını vurğulayan iqtisadçı ekspertin sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, bu il fevralın 15-dən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi qeydiyyata alınmayacaq: "Əlimizdə olan yalnız ötən ilin, 2022-ci ilin statistikası var. Azərbaycan 2022-ci ilin yanvar-iyun aylarında $92 milyon 648,86 min (azalma 26%) dəyərində 467,758 min ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatı idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 42,6% azdır. Hansı ki, 2020 və 2021-ci illərdə mobil telefon idxalı kəskin artmışdı. Bununla belə qanunun tətbiq edilməsi bazara necə təsir edəcək? İlk öncə nəzərə alaq ki, bazarda rəsmi distribüterlərdən fərqli olaraq sərbəst iştirakçıların da payı az deyil. İstər elektron ticarətdə, istərsə də daşıyıcı olaraq Azərbaycan vətəndaşları şəxsi istifadə adı altında ölkəyə mobil telefon idxalçısına çevrilirlər".

Razi Abasbəyli bildirib ki, qanunun fevralın 15-də işə düşməsi nəticəsində mobil cihazın dəyərinin 800 dollardan yuxarı olan hissəsinə 36 faiz rüsum hesablanacaq: "Bu isə o deməkdir ki, elektron ticarət iştirakçısı olan ticarətçilər "şəxsi istehlak" kimi göstərdikləri mobil cihazlar üçün rüsum ödməli olacaqlar. Bu günə qədər belə təyinatlı rüsumlar ödənilmirdi. Bu qanun faktiki olaraq bazarda bahalaşmaya və qıtlığa səbəb olacaq. Bir anlıq təsəvvür edin ki, siz xarici ölkəyə səfərə getmisiniz və geri dönərkən dəyəri 2500 dollar olan mobil telefon almısınız. Ölkə daxilində həmin mobil telefonun İMEİ kodunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində qeydiyyatdan keçirməlisiniz. Bunun üçün rüsum ödəməli olacaqsınız. 2500 dollarlıq mobil telefonun 800 dollarından yuxarı hissəsinə, yəni 1700 dollara görə 36 faiz rüsum ödəməlisiniz. Yəni, siz əlavə olaraq 612 dollar da dövlətə rüsum ödəməli olacaqsınız. Bu da bazara təsir edəcək. Məntiqlə şəxsi istehlak məqsədilə idxal edilən məhsullar vergiyə cəlb edilməməlidir. Əgər siz xaricdən şəxsi istehlak məqsədilə özünüzə geyim alırsınızsa, o zaman həmin məhsul da vergiyə cəlb edilməlidir. İddia edilə bilər ki, mobil telefonun dəyəri 800 dollardan aşağıdırsa, rüsum tələb olunmur. Lakin nəzərə almaq lazımdır ki, indi sürətlə inkişaf edən texnologiya dövründə dəyəri 800 dollardan aşağı olan mobil telefonlar əsasən köhnəlmiş modellər olur".

İqtisadçı ekspert əlavə edib ki, tətbiq edilən qayda bir cihaz üçün deyil: "Ümumilikdə 1 ədədin dəyəri 200 dollardırsa və siz 5 mobil telefon idxalçısısınızsa, əlavə olaraq 200 dollara görə də vergi ödəməli olacaqsınız. Hava limanında xaricə gedərkən, üzərinizdəki qızıl-zinyət əşyalarını bəyan etməlisiniz. Qolunuzdakı saatı da. Belə getsə geyindiyimiz paltarları da bəyan edib ölkədən çıxmalı olacağıq. Sosial şəbəkələrdə, əsasən də "Youtube"də yayılan bir video var. Orada mərhum Prezident Heydər Əliyev o zaman Dövlət Gömrük Komitəsinin sədrinə sual verir ki, hansı ölkədə vətəndaşın üzərindəki qızıl-zinyət əşyalarının bəyan edilməsi tələb olunur. Kəmaləddin Heydərov da deyir ki, köhnədən qalan qanundur. İndi o köhnədən qalan qanunu bu ilin fevralın 15-dən yenidən dirildib tətbiq edirlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...