Vasif Talıbovun “sağ əli” – Azər Zeynalov vəzifəsini necə qoruyur?

Vasif Talıbovun “sağ əli” –
Vasif Talıbovun “sağ əli” sayılan Azər Zeynalov hamisinin “vurulmasına” rəğmən vəzifəsini necə qoruya bilir?..

Vasif Talıbov ötən il dekabrın 27-də Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verəndən sonra onun bütün səlahiyyətləri birinci müavini Azər Zeynalova keçdi. 53 yaşlı Azər Zeynalov hazırda Naxçıvan Ali Məclisi sədrinin birinci müavini olmaqla yanaşı, həm də sədrin səlahiyyətlərini icra edir.

Vasif Talıbovun “sağ əli” sayılan Azər Zeynalov hamisinin “vurulmasına” rəğmən vəzifəsini necə qoruya bilir? Onun son 6 ayda muxtar respublikanı faktiki olaraq Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə şərikli idarə etməsi nə ilə bağlıdır?

“Yeni Sabah” məsələni araşdıraraq maraqlı məqamlar üzə çıxarıb. Məlum olub ki, Azər Zeynalovun ötən ilin dekabrından bu günə kimi Naxçıvan Ali Məclisinə rəhbərlik etməsi muxtar respublika konstitusiyasının tələbidir. Mövcud qanunvericiliyə görə, sədr istefa verəndə, yaxud hansısa səbəbdən vəzifəsini icra edə bilməyəndə onun səlahiyyətləri birinci müavinə keçir. Qanunda vaxtla bağlı hər hansı məhdudiyyət yoxdur. Naxçıvan Ali Məclisi yeni sədr seçənə kimi onun səlahiyyətlərini birinci müavin icra edir.

Maraqlıdır, Naxçıvan Ali Məclisinə yeni sədr niyə seçilmir?

Vasif Talıbovun 6 ay əvvəl tərk etdiyi vəzifənin yeni sahibi kim olacaq?

“Yeni Sabah” bu sualların da cavabını öyrənib. Məlum olub ki, mərkəzi hakimiyyət Vasif Talıbovun yerinə yeni dövrün tələblərinə cavab verən namizəd tapa bilmir.

Belə ki, yeni sədr Naxçıvan Ali Məclisinin üzvləri arasından seçilməlidir. Hazırda Naxçıvan Ali Məclisinin 45 üzvü var. Onlardan biri Vasif Talıbov, digəri isə oğlu Seymur Talıbovdur. Azər Zeynalovu da nəzərə almayanda yerdə 42 deputat qalır. Məsələni hərtərəfli araşdıranda məlum oldu ki, bu 42 deputatın heç biri mərkəzi hakimiyyətin kriteriyalarına cavab vermir.

“Vasif Talıbov 3 il əvvəl Naxçıvan Ali Məclisini formalaşdıranda həmin şəxsləri dəfələrlə öz “süzgəcindən” keçirib. Onların heç biri Muxtar Respublikanın Ali Məclisinə rəhbərlik edəcək savada, təcrübəyə və xarizmaya malik deyil”, – deyə məlumatlı şəxs bildirib.

Mənbə deyib ki, növbəti seçkilərə – 2025-ci ilin yanvarına kimi Naxçıvan Ali Məclisinə Azər Zeynalov rəhbərlik edəcək. Sadəcə olaraq, həmin vaxta kimi onun əl-qolu bir qədər də bağlanılacaq, muxtar respublika üzərindəki təsir imkanları minimuma endiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...