Əhalinin ev problemi müzakirə olundu - Tapşırıqlar verildi
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Agentlikdən AzVision.az-a verilən məlumata görə, iclasın gündəliyinə uyğun olaraq, ilk növbədə, “MİDA” MMC-nin direktorunun ötən müddət ərzində Cəmiyyət tərəfindən görülən işlər barədə hesabatı dinlənilib.
Hesabat, əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin layihələndirilməsi və tikintisi üzrə görülmüş tədbirləri, inşa olunacaq mənzillərin ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş “MİDA” MMC-nin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq satışına hazırlıq işlərini və bir sıra digər təşkilati məsələləri əhatə edib.
Tədbir çərçivəsində, həmçinin, “MİDA” MMC-nin 2017-ci ildə perspektiv inkişafının əsas istiqamətləri Müşahidə Şurası tərəfindən təsdiq olunaraq, bununla bağlı fəaliyyət planının hazırlanması və icrasının təşkili üzrə Cəmiyyətə tapşırıqlar verilib. Qarşıya qoyulan əsas vəzifələr arasında cari ilin 1 may tarixində istifadəyə veriləcək “Güzəştli mənzil” elektron sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib. Bununla yanaşı, güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, qeydiyyat prosesi, tələb olunan sənədlər və ödəniş şərtləri ilə bağlı ictimaiyyətin ətraflı məlumatlandırılmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb, bu istiqamətdə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, müraciət edən vətəndaşların məmnunluğu səviyyəsinin “MİDA” MMC-nin işinin əsas keyfiyyət göstəricilərindən biri olduğu vurğulanıb, vətəndaşlara göstəriləcək xidmətlərin müvafiq standartlara uyğun şəkildə təşkili ilə bağlı da məsələlərə toxunulub.
Müşahidə Şurası tərəfindən, həmçinin, Daxili audit şöbəsinin işinin təşkili ilə bağlı bir sıra qərarlar qəbul edilib, habelə MMC-nin 2016-cı ildə maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparacaq təşkilatın seçilməsi ilə bağlı keçirilmiş kotirovka sorğusunun nəticələri dəyərləndirilərək, “PraysvoterhausKupers Audit Azərbaycan” şirkəti “MİDA”nın kənar auditoru qismində təyin edilib.
1093 dəfə oxundu