QHT Şurası haqqında yazılanlara aydınlıq gətirildi
Bir neçə gün əvvəl AFN.az saytında “QHT Şurasına ayrılan vəsaitlərlə bağlı araşdırma-şok faktlar” sərlövhəli yazı dərc edilib. Bununla bağlı saytın redaktoru Həbibə Abdulla üzrxahlıq açıqlaması ilə çıxış edib.
Gundeminfo.az həmin açıqlamanı təqdim edir:
Yazı Şuranın rəsmi cssn.gov.az və dövlət satınalmalarının reyestr məlumatlarının yerləşdirildiyi tender.gov.az saytındakı rəsmi rəqəmlərə və informasiyalara əsaslanaraq hazırlanıb. Araşdırma zamanı qarşımıza çıxan çoxsaylı faktlardan biri də 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi tenderin qalibinin kimliyi ilə bağlı idi.
Onu da qeyd edək ki, araşdırmamız zamanı yaranan suallarımızı QHT Şurasının rəhbərliyinə açıq formada ünvanlamışdıq. Səbəb isə qurumun mətbuat xidmətinin rəhbəri Elməddin Behbudun bundan öncəki sorğumuzu təqdim etdikdə bizi qərəzdə, qeyri-obyektivlikdə, hətta qeyri-peşəkarlıqda suçlaması idi. Məhz bu səbəbdən də qanunvericiliyin bizə tanıdığı hüquqdan yararlanaraq yazıda açıq suallar qoyduq, o cümlədən də F.Qurbanovun adının Şuranın tenderlərində qalib gəlmiş şəxs kimi rəsmi reyestr məlumatlarında keçməsi məsələsini.
Yazı dərc edildikdən sonra F.Qurbanov redaksiyamızla əlaqə saxlayaraq, adının tenderin qalibi siyahısında olmasının mümkünsüz olduğunu bildirdi. Sonradan F.Qurbanov adının reyestrə texniki xəta ilə düşə biləcəyini deyərək bizi araşdırma aparmaq üçün Şuraya dəvət etdi. Onun təşəbbüsü ilə yazının müəllifi olaraq Şurada oldum və mənə sözügedən tenderdə qalib gələn şəxsin kimliyini sübut edən sənədlər təqdim edildi. Sənədlərdən məlum olur ki, həmin tenderin qalibi fiziki şəxs Hüseynov Yaşar Allahverdi oğludur. Həmin şəxsin adına Vergilər Nazirliyinin bazasında aktiv VÖEN-in olmaması da tərəfimizdən aydınlaşdırıldı. Təbii ki, 2013-cü ildən bəri ötən 4 il ərzində adıçəkilən şəxsin VÖEN-ini ləğv etdirməsi və ya dondurması hüququnun olduğunu da normal qəbul edirik.
Fərasət Qurbanov görüşümüz zamanı bildirdi ki, reyestr məlumatlarındakı yanlışlığı aradan qaldırmaq üçün müvafiq addımlar atılmaqdadır. Şura Katibliyinin rəhbəri həmçinin adı ilə bağlı olan yanlışlığı aşkarladığımız üçün bizə minnətdarlığını da bildirdi.
Şurada olarkən media ilə qarşılıqlı hörmətə əsaslanan açıq və peşəkar əməkdaşlıq mühiti haqda müzakirələrimiz oldu. Bir məsələni də qeyd edək ki, Şurada sənədlərin səliqəli şəkildə arxivləşdiyi, lazım olan sənədlərlə tanışlıq imkanının yaradılması faktı ilə rastlaşdım ki, bunu da öz növbəsində qurumun fəaliyyətinin açıq və şəffaf olmasının göstəricilərindən hesab etmək olar. Şuranın fəaliyyəti ilə bağlı məni maraqlandıran suallar dəqiq və ətraflı şəkildə cavablandırıldı.
Araşdırmanın müəllifi kimi, F.Qurbanovla bağlı rastlaşdığım yuxarıda qeyd olunan faktı əvvəlcədən qarşı tərəflə aydınlaşdırmadan dərc etdiyim üçün üzr istəmək mənim öncə jurnalist, sonra isə bir insan olaraq borcumdur.
Ümid edirəm ki, bundan sonrakı əməkdaşlığımızda da Şuraya ünvanladığımız suallar cavablandırılacaq və bununla əməkdaşlıq münasibətlərimiz daha da dərinləşəcək.
797 dəfə oxundu