Jurnalistin komada olan atasına görə xəstəxanaya 11 min manat borcu var
"Atam hələ də komadadır və səhhətində ciddi irəliləyiş yoxdur".
Bunu Modern.az saytına açıqlamasında komada olan, Laçın rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, jurnalist İmdad Əlizadə bildirib.
Onun sözlərinə görə, atası 2016-cı ilin fevral ayının 14-dən komadadır:
"Qəza zamanı atam ağır kəllə-beyin travması alıb və komaya düşüb. Həmin vaxtdan ardıcıl müalicə alır. Əvvəlcə Mərkəzi Klinika Xəstəxanasında müalicə olunub. Hazırda müalicəsini “Avrasiya Hospital”da davam etdirir”.
İ.Əlizadə deyib ki, 1 il 2 ay 15 gün ərzində aparılan müalicə ciddi irəliləyişə səbəb olmasa da, atasının durumu tam ümidsiz də deyil:
"Əvvəlki dövrlərlə müqayisədə bəzi irəliləyişlər var. İndi çağıran zaman atam hər iki gözünü tam aydın açır, bəzən bir əli ilə əlimizi tutur, başını ardıcıl tərpədir. Düzdür, həkimlər bunu ciddi dəyişiklik kimi qiymətləndirmirlər və koma vəziyyətinin davam etdiyini söyləyirlər. Bunu elə bizim özümüz də hər gün müşahidə edirik".
Qarabağ müharibəsi veteranının oğlu qeyd edib ki, atasının durumu ilə bağlı seçə biləcəkləri variantlar çox deyil:
"İlk gündən və indi də yalnız iki variantımız olub: atamın müalicəsini xəstəxanada davam etdirmək və evə aparmaq. Əgər atam xəstəxanada qalsa və müalicəsi orada davam etsə, onda komadan ayılması ümidi də yaşayar. Evə aparmaq isə atam üçün çox böyük təhlükədir. Əvvəla, bizim ailənin evi yoxdur və məcburi köçkün kimi Bakının Xətai rayonundakı 242 saylı uşaq bağçasında məskunlaşmışıq. Yaşadığımız yer uçub-dağılmış, zirzəmisi su ilə dolu, nəmişlik içində olan, normal qapı-pəncərəsi, havalandırması olmayan bir yerdir. Həkimlər deyirlər ki, komada olan xəstəni elə bir yerə aparmaq qətiyyən olmaz.
İkincisi isə atam kimi xəstələr ev şəraitində çox yaşamırlar. Çünki atam 24 saat həkim və tibb bacısı nəzarətində olur, əvvəlcədən müəyyənləşdirilən və demək olar ki, hər gün yenilənən qrafik əsasında müalicə aparılır. Atam indi də reanimasiya xəstəsi sayılır. Reanimasiya xəstəsini isə evə aparmağın nə qədər böyük təhlükə olduğu məlumdur. Ona görə də atamın müalicəsi xəstəxana şəraitində davam etdirilməlidir. Buna isə maddi imkanımız qalmayıb. Bəlli olduğu kimi, “Avrasiya Hospital” özəl tibb müəssisəsidir. Erməni işğalı nəticəsində məcburi köçkünə çevrilmiş ailəmizin isə müalicə xərclərini daima qarşılamaq imkanı yoxdur və hazırda biz atamın müalicəsini özəl tibb müəssisəsində davam etdirmək iqtidarında deyilik".
O bildirib ki, hazırda "Avrasiya Hospital"a 11 min manata yaxın borcları var: "Çarəsizlikdən atamı xəstəxanadan çıxarmaq qərarı veriblər. Amma borca görə bunu edə bilmirik. Xəstəxana rəhbərliyindən bizə güzəşt etmələrini, borcun bir hissəsini silmələrini, qalanının hissə-hissə ödənilməsinə şərait yaratmalarını xahiş etmişik. Hələlik konkret cavab almamışıq, gözləyirik. Əgər güzəşt etməsələr çox çətin olacaq. İndi atamın da, bizim də vəziyyətimiz çox ağırdır".
İ.Əlizadə vurğulayıb ki, atasını avtomobillə vurub komaya salan sürücü Seymur Qarayev müalicəyə heç bir köməklik göstərmir:
"Sonuncu dəfə noyabr ayında 400 manat xəstəxanaya pul ödəyib. Ümumiyyətlə, Seymur Qarayevin indiyə qədər xəstəxanaya köçürdüyü pul müalicəyə gedən xərcin heç 2 faizini də etmir. O, bununla bağlı deyilən bütün sözləri, hətta polisin də müalicəyə kömək etməsi ilə bağlı tövsiyəsini qulaqardına vurur, saymazyana yanaşır. Mən indən sonra ona heç bir güzəşt etməyəcəm və törətdiyi bu cinayətə görə o, ədalət mühakiməsi qarşısında cavab verməlidir".
863 dəfə oxundu