Amaşov: “Dürüst fəaliyyəti olan heç kəs rüşvət verməz”

Amaşov: “Dürüst fəaliyyəti olan heç kəs rüşvət verməz”


Milli Məclisin deputatı Əflatun Amaşov bu günkü plenar iclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsi barədə çıxış edib.

Deputat Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi, konkret olaraq cərimələrin artırılması ilə bağlı fikirlərini bildirib: “Layihəyə diqqət yetirdim, demək olar bütün sahələr üzrə cərimələrin miqdarı artırılır. Əlbəttə, bu, müsbət haldır. O mənada ki, cəmiyyətdə məsuliyyət hissi dərinləşəcək.

Cərimə artımı nə dərəcədə adekvatdır? İndiki məqamda bu suala da cavab tapmalıyıq. Düşünürəm ki, adekvatlıq var. Ümumən cərimələrin miqdarında nəzərəçarpacaq artımın olması vacibdir. Amma layihədə diqqətimi çəkən bəzi məqamları da vurğulamalıyam.

Məsələn, jurnalistin qanuni peşə fəaliyyətinə mane olma. Hazırda bununla bağlı cərimə 100-500 manatdır. Yeni layihədə isə bu rəqəm 500-1000 arası nəzərdə tutulub. Halbuki qanunsuz ov etmə üçün cərimə həddi 100-500 manatdan, 2 min – 3 min manatadək qaldırılır. Yaxud balıq və digər su bioresurslarının qorunması qaydalarını pozmaya görə cərimənin 100-500 manatdan 3 min – 6 min manatadək qaldırılması təklif olunur.
Hesab edirəm ki, biz cərimələri artırarkən məsələlərin ictimailik dərəcəsinə önəm verməliyik. İndiki halda jurnalistin qanuni peşə fəaliyyətinə mane olma daha böyük məsuliyyətdir, nəinki qanunsuz ov etmə. Jurnalistin peşə fəaliyyətinə maneçilik yaratma həm də mənəvi məsuliyyətdir. İstərdim ki, məsələyə mövcud rakusdan yanaşaq.

Fikrimi davam etdirərək bir məqamı da vurğulayım. Son zamanlar çoxlu sayda saxta profillər meydana çıxıb. Həmin profillərdə müxtəlif şəxslər böhtan və təhqirlərlə üzləşirlər, mənəvi şantaja və terrora məruz qalırlar. Buna görə cərimə hazırda 1000-1500 manat arasıdır. Müzakirə etdiyim layihədə isə bu rəqəm 1000-2000 manat arası göstərilir. Müqayisəli yanaşsaq, daha bir qeyri-adekvatlıq da bundadır. Çünki son zamanlar sosial şəbəkələr həyatımıza daxil olublar. Onlar virtual yox, artıq real məkandır. Bu məkanda baş verən hadisə və proseslərin mənfi təsirləri daha çox aktuallaşmaqdadır. Bu gün saxta profillər ailələrin dağılmasına səbəb olur. Bir növ, cəmiyyətin özəyini parçalayır. Ola bilməz ki, bu məkanda nəzərdə tutulan məsuliyyət balıq ovlamaqdan az olsun?

Böhtan və təhqirə görə cərimə həddinin də daha yüksək olmasını təklif edirəm. Əvvəl böhtana görə 100-500 manat arası cərimə nəzərdu tutulurdu, təhqirə görə isə 300-1000 manat. Yeni layihədə bu rəqəmlər 1000-1500 manatdır. Cərimələr daha yüksək olmalıdır. Həm də ona görə ki, hazırda bəzi maraqlı qruplar və dairələr özləri informasiya resursu yaradırlar. Məqsədləri rəqiblərinə qarşı «qara piar» kampaniyası aparmaqdır. Biz araşdırmışıq məhz onların yaratdıqları saytlarda təhqir və böhtanlar baş alıb gedir. Düşünürəm ki, bu sayaq yarıtmaz hallarla mübarizə aparmaq üçün də cərimələr artırılmalıdır.

Sonda Cinayət Məcəlləsində rüşvət vermək üçün nəzərdə tutulan cərimə miqdarının əhəmiyyətli dərəcədə artımı məsələsi üzərində də dayanmaq istərdim. Cərimə həddinin 8-12 min arası olması nəzərdə tutulur. Hesab edirəm ki, bu da vacibdir.

Ümumən rüşvət və korrupsiya hallarına qarşı mübarizə günümüzün tələbidir. Mübarizə həm qanunda nəzərdə tutulanları əsas götürməklə, həm də bir ictimai qınaq metodlarından yararlanmaqla aparılmalıdır. Hesab edirəm ki, Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Azərbaycan Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim.

Bir neçə ay öncə biz Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının tərkibini genişləndirdik. Komissiyaya dövlət qurumlarının təmsilçilərini də cəlb etdik. Çünki bilirsiniz, «reket jurnalistika» təkcə jurnalistikanın deyil, bütövlükdə cəmiyyətin bəlasıdır. Onun əsasında təmənnalı münasibət dayanır. Burada da iki qütb iştirak edir. Onlardan biri rüşvət alandırsa, birincisi də rüşvət verən. Hesab edirəm ki, dürüst fəaliyyəti olan heç kəs rüşvət verməz, yaxud hansısa nalayiq sövdələşmələrə getməz.

Ümumən sonda bir daha deyim ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikləri müsbət qiymətləndirirəm və dəstəkləyirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1057 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...