“Aşıq Ələsgəri kürd çıxaran Nazirin məqsədi nədir?” – ETİRAZ

“Aşıq Ələsgəri kürd çıxaran Nazirin məqsədi nədir?” –

Mən Nazir Əhmədlinin “Haqq nahaq seçilər haqq divanında” kitabını oxumuşam. Kitab Azərbaycanın mədəni irsinə böyük şəkk-şübhə gətirməyə xidmət edir. Bu kitabın sifarişlə yazıldığını düşünürəm. Gundeminfo.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib. O, kitabda xeyli tərəddüdlərə yol verildiyini açıqlayıb:

“Kitabda müəllif Aşıq Ələsgərin doğum ilinin düzgün qeyd edilmədiyini israr edir. Bu zaman o, erməni mənbələrinə əsaslanır və çəkinmədən erməni arxivlərinə istinad edir. Amma şifahi məlumatında qeyd edir ki, guya bu arxiv məlumatlarını Sankt-Peterburqdan götürüb.

Ən qəribəsi budur ki, kitabda azərbaycanlıların o ərazilərdə yaşamaları ilə bağlı müəyyən tərəddüdlərə yol verilir və Aşıq Ələsgərin doğulduğu Göyçə mahalının Ağkilsə kəndinin 1821-ci ildə salınmadığını iddia edir. Guya bu kənd 1831-ci ildə Gürcüstan ərazisindən bura köçən qarapapaqların məskunlaşması nəticəsində meydana gəlib. Mən hiss etdim ki, bu adamın qarapapaqlar haqqında ciddi məlumatı yoxdur. Qarapapaqların kökü Özbəkistanın Qarakalpakya muxtar vilayətindən gəlir. Onlar papağa “kalpak” deyirlər. Ola bilər bu xalqlar zamanında bu yerlərə səfər ediblər. Özü də həmin adamlar çox iricüssəli və döyüşkən olublar. Lakin bu, həmin kəndin onlardan əvvəl mövcud olmaması demək deyil”.

Qabil Hüseynli kitabın müəllifi Nazir Əhmədlinin o dövrün siyahıya alınması ilə bağlı da erməni mənbələrinə müraciət etdiyini bildirib: “Guya İrəvan xanlığının istilasından sonra ruslar əhalinin siyahıya alınması üçün Fransadan bir nəfər çağırıblar. O da Naxçıvan və İrəvan xanlığının əhalisinin yerləşməsi, əhalinin sayı barədə 2 il müddətinə mükəmməl bir məlumat hazırlayıb.

Əvvəla, fransızın erməni və ya Azərbaycan dilini bilməsi çox müəmmalı iddiadır. İkincisi, rusun fransıza əhalinin siyahıya alınması ilə bağlı tapşırıq verməsi də inandırıcı səslənmir.

Daha sonra müəllif Borçalı ərazisinə toxunur. Borçalı təkcə Gürcüstan mahalını əhatə eləmir.

Borçalı iki hissədən ibarətdir: dağ və aran Borçalısı. Borçalının dağ hissəsi indiki Ermənistan ərazisində yerləşən azərbaycanlılardan ibarətdir. Aran hissəsi isə Gürcüstana aiddir. Üst-üstə toplayanda Borçalının əhalisi az deyil. Minimum 9 min nəfərə yaxındır.

Məncə, Azərbaycanın Ermənistanla bu cür siyasi problemlərinin mövcud olduğu bir vaxtda ermənilərin dəyirmanına su tökən bir azərbaycanlı yazıçının məqsədi heç də xoş deyil.

Zənnimcə, Aşıq Ələsgərin, Aşıq Alının, Ağ Aşığın doğum tarixinə və doğulduğu yerə şəkk-şübhə gətirmək cəhdləri bu aşıqların yaradıcılığını indiyə qədər işləmiş alimlərin əməyinə hörmətsizlikdir.

Belə başa düşürəm ki, Nazir könlünün hökmü ilə hərəkət etməyib. Onun bu kitabı elmi ədəbiyyata vicdanlılıq nümunəsi gətirmək xatirinə işlədiyinə şübhə edirəm.

Bu kitabın azərbaycanlıların soykökünə, onların bu ərazilərdə məskunlaşma tarixinə şəkk-şübhə gətirmək üçün sifarişlə yazıldığını düşünürəm. Mən hələ də anlaya bilmirəm ki, pedaqoji universiteti bitirmiş bir kimya müəllimi birdən-birə niyə folklor sahəsindən yazmağa başlasın? Və nədən bir kimya müəllimi erməni mənbələrinə əsaslanan bir kitab yazmağa girişsin?”

Qabil Hüseynli Nazir Əhmədlinin azərbaycanlı alimlər haqqında xoş sözlər səsləndirmədiyini də vurğulayıb:
“Müəllif deyir ki, azərbaycanlı alimlər ciddi tədqiqat aparmayıblar. Xüsusən də kitabın giriş hissəsində Aşıq Əlsəgərin nəvəsi İslam Ələsgərova aid xoşagəlməz ifadələr işlədir.

Mən düşünürəm ki, bu adam bu sahə üzrə heç bir ixtiyar sahibi deyil. Mütəxəssis olmaya-olmaya bu işə girişməsinin özü təəccüblüdür. Sən kimya sahəsindən nəsə yaza bilərsən. Amma folklor sənin sahən deyil.

Məncə, bu cəhdin məqsədi bu sahədə yaranmış düzənin pozulmasına, elmi iddiaların alt-üst edilməsinə xidmət edir. Nazir Aşıq Alının milliyətinə də şübhə edir və qeyd edir ki, o, ya kürd, ya da ayrımdır. Əsli kürd olan biri Azərbaycan dilində bu qədər gözəl qoşmalar, müxtəlif aşıq yaradıcılıq nümunələri yarada bilərdimi? Mən inanmıram ki, başqa millətdən olan biri qoşma janrında azərbaycanca bu qədər ustalıqla şeir yazsın.

Kitab, ümumiyyətlə, çox qərəzli yazılıb. Aşıq sənətinə kölgə salmaq, aşıq sənətinin nümayəndələrinə qarşı belə qərəzli mövqedə dayanmaq, onları başqa millətlərin nümayəndələrinə aid etmək o deməkdir ki, bu, bəzi mərkəzlərin sifarişidir. Bu, xoş məramdan doğa bilməz.

Bu kitab Azərbaycanın ümummilli davasına, apardığı mübarizəyə ziyandan başqa heç nə gətirə bilməz. Əksinə, ermənilər bundan özlərinin təbliğatı üçün istifadə edə bilərlər”.

Xatırladaq ki, Nazir Əhmədlinin bu günlərdə çapdan çıxmış “Haqq nahaq seçilər haqq divanında” adlı kitabı Qərbi Azərbaycan türklərinin, bir çox azərbaycanlı alim və tədqiqatçıların böyük narazılığına səbəb olub və Qərbi Azərbaycandan olan 200 ziyalı bu məsələ ilə bağlı prezidentə müraciət edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1070 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...