Günəşdə qəfil geomaqnit qasırğası başlayıb
Günəşin səthində cəmi 45 ləkənin və 1 fəallıq qrupunun (ləkələr toplusunun) müşahidə olunmasına baxmayaraq, dünən başlayan geomaqnit həyəcanlaşması bu gün ərzində geomaqnit qasırğasına çevrilib.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib. Onun sözlərinə görə, əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 6-ya çatıb (maksimum 9-dur). Günəş səthində müşahidə olunan AR2403 nömrəli böyük ləkə qrupu mürəkkəb maqnit sahəsinə malikdir, lakin Günəşin fırlanması səbəbindən tezliklə onun diskinin arxasına keçəcək: “İxtiyari alışma bizim üçün demək olar ki, təhlükəsiz olacaq. Lakin yaxın 2 gün ərzində alışma baş verəcəyi təqdirdə (bu alışma isə güclü – rentgen sinfinə mənsub ola bilər) radiodalğalarda qısamüddətli sönmələr (və ya “donmalar”) və radiasiya fırtınaları yarada bilər. Günəşdəki hazırkı geomaqnit qasırğasının səbəbi planetlərarası maqnit sahəsinin (PMS) Z komponentinin qəflətən cənub istiqamətini göstərməsi olub. Bu halda Günəş küləyinin yüksək enerjili plazma zərrəcikləri asanlıqla Yer maqnitosferinə daxil olur və Yerim maqnit sahəsində həyəcanlaşma yaradır”.
E. Babayev deyib ki, qasırğa getdikcə nisbətən zəifləsə də, geomaqnit həyəcanlaşması yaxın 3 gün ərzində davam edəcək. Bunun səbəbi Günəş səthində hazırda mövcud olan “tac dəlikləri”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiri olacaq (“tac dəlikləri” demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir): “Sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur, lakin risk qrupuna daxil olan insanlar həkim məsləhəti əsasında profilaktik tədbirlər görməlidirlər”.
1189 dəfə oxundu