Tərtərdə Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşa bayramı günündə “Heydər Əliyev və Dövlət Təhlükəsizlik Xidməti” mövzusunda tədbir keçirilib
Martın 28-də Tərtər Rayon İcra Hakimiyyətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin təşkilatçılığı ilə Umummill Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Dövlət Təhlükəsizlik Xidməti” mövzusunda tədbir keçirilib.
"Gundeminfo.az" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri düzüblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. İştirakçılar əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı təşkil olunmuş kitab sərgisinə baxıblar.
“Dəyirmi masa” ətrafında davam edən tədbirdə Ulu öndərin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olan təhlükəsizlik orqanları əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edib, onlara uzun ömür, cansağlığı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyinin qorunması yolunda şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Rayon rəhbəri bildirib ki, zəngin və şərəfli ömür yolu milli təhlükəsizlik orqanları ilə sıx bağlı olmuş Ümummilli lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" sərəncamı ilə 28 mart hər il Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
İcra başçısının çıxışında qeyd olunub ki, xalqa və dövlətə sədaqətlə xidmət edən, milli maraqların və mənafelərin keşiyində layiqincə dayanan, Azərbaycanın təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin, müxtəlif cinayətkar qəsdlərin qarşısının alınmasında əzmkarlıq nümayiş etdirən Dövlət təhlükəsizlik orqanlarının ölkəmizdə sabitliyin, qanunçuluğun, hüquq qaydalarının təminatında özünəməxsus rolu və yeri var. O, müstəqil Azərbaycanın dövlət təhlükəsizliyinin etibarlı təminatçısı olan dövlət orqanıdır.
Azərbaycan Respublikasının Dövlət təhlükəsizlik orqanları ağır, çətin və şərəfli yol keçmişdir.
1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işə başlayan Heydər Əliyev qısa bir zamanda mərkəzi aparatda bölmə rəisi vəzifəsinə təyin edilmiş, 1953-cü ildə əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK sədrinin birinci müavini, 1967-ci ildə isə sədri təyin edilmişdir. Fəxarət doğuran haldır ki, ulu öndər Heydər Əliyev 1930-cu ildən sonra bu yüksək posta layiq görülən ilk azərbaycanlı olmuşdur.
Ümummilli lider Heydər Əliyev daim xalqının mənafeyi naminə çalışmış, milli ruhlu, vətənpərvər insanları repressiyalardan qorumuş, təhlükəsizlik orqanlarının milliləşdirilməsinə çalışmışdır. Ulu öndər burada leytenantdan general rütbəsinədək, əməliyyat müvəkkilindən DTK sədri vəzifəsinədək şərəfli yol keçmişdir.
Heydər Əliyev təhlükəsizlik orqanlarında xidmət etdiyi müddətdə yüksək professionallığı, fenomenal idarəçilik və təşkilatçılıq qabiliyyəti, cəsarəti, qeyri-adi yaddaşı, cazibədar natiqliyi ilə bütün rəhbər və sıravi əməliyyat heyətinin dərin rəğbətini qazanmışdır. Ulu öndər bu orqanda yüksək vəzifələrdə olduğu illər ərzində də əməliyyat tədbirlərinin, çoxgedişli əməliyyat oyunlarının və kombinasiyalarının işlənib hazırlanmasında, həyata keçirilməsində şəxsən iştirak etmişdir. Heydər Əliyevin iştirakı ilə müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilmiş "Duel", "Alagöz", "Duqlas", "Axito", "Naturalist", "İzuver" və bu qəbildən olan digər əməliyyat tədbirləri bu gün nəinki Azərbaycanın, digər ölkələrin də xüsusi xidmət orqanlarının məktəblərində peşəkarlıq nümunəsi olaraq tədris olunur və öyrənilir.
Azərbaycanın xüsusi xidmət orqanlarında milli maraqların ön plana çəkilməsi, milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc işçilərin xüsusi ali təhsil almaq üçün Moskva, Leninqrad, Minsk və digər şəhərlərə göndərilməsi, ümumiyyətlə, orqanlarda milliləşmə prosesinin aparılması məhz ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Heydər Əliyev təhlükəsizlik orqanlarında elə bir iz, elə bir irs qoymuşdur ki, bu, bütöv bir məktəbə çevrilmişdir. Bu məktəbin əsasını millilik, vətənpərvərlik, peşəkarlıq, prinsipiallıq və tələbkarlıq təşkil edir.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyev çıxış edərək, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edib. O, öz çıxışında bildirib ki, təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti işçilərinin hər bir əməkdaşı mənalı və zəngin həyatının 25 ildən artıq bir dövrünü xüsusi xidmət orqanlarına həsr etmiş Ulu Öndər Heydər Əliyevi özünün əbədi və fəxri rəhbəri sayır.
Təhlükəsizlik orqanları üçün peşəkar milli kadrların hazırlanması məsələsinə xüsusi diqqətlə yanaşan ümummilli lider Heydər Əliyev hələ 1998-ci il dekabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə sərəncam imzalamışdır. Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası son illərdə yeni inkişaf yoluna istiqamət almış, burada irimiqyaslı quruculuq və abadlıq işləri aparılmış, genişmiqyaslı tikinti-inşaat planlarına start verilmişdir.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Akademiya Avropa standartlarına tam cavab verən, müasir infrastruktura malik təhsil müəssisəsinə çevrilmişdir. 2005-ci il dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Akademiyaya ulu öndər Heydər Əliyevin adının verilməsi bu hərbi ali təhsil ocağının tarixində ən unudulmaz anlardan biridir.
Akademiyada Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış "Şöhrət" muzeyi də dövlət və xalq qarşısındakı misilsiz xidmətləri olmuş Heydər Əliyevin zəngin və mənalı həyatının, titanik fəaliyyətinin əbədiləşdirilməsi işinə daha bir ehtiram əlaməti olmuşdur.
Bu gün Ulu Öndərin siyasi kursu onun ən layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. 2003-cü ilin oktyabrından cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət məhz milli dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət təhlükəsizliyinin daha səfərbər təminatına xidmət edir. Azərbaycan Prezidentinin dövlət təhlükəsizliyinin təmin olunması ilə bağlı bizə verdiyi göstəriş və tövsiyələr məhz milli maraqların, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı baxımından dini, siyasi ekstremizmə, təcavüzkar separatçılığa, narkotiklərin, psixotrop, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsinə, insan alverinə, beynəlxalq terrorçuluq kimi qlobal təhlükələrə qarşı effektiv mübarizə tədbirlərinin daha da gücləndirilməsinə yönəlmişdir.
Respublika prezidenti Dövlət Təhlükəsizlik orqanlarının fəaliyyətini həmişə yüksək qiymətləndirir, "Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir",-deyir.
Tədbirdə çıxış edən Polis Şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov, rayon məhkəməsinin sədri Tahir Qubadov, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quluyev, Tərtər hərbi prokuroru Emin Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edib, Ulu Öndərin Dövlət Təhlükəsizlik Xidməti orqanlarının fəaliyyətinə həmişə diqqət və qayğı göstərdiyini qeyd ediblər.
Rayon icra hakimiyyəti tərəfindən DTX-nin Tərtər Rayon Şöbəsinin və Hərbi Əks Kəşfiyyat Baş İdarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
1278 dəfə oxundu