“91-lər”in tanınmış üzvü vətən-dövlət adlı partiya yaradılmasını istəyir
“Deputat olmaq niyyətim yoxdur. Ümumiyyətlə, qarşıdan gələn parlament seçkilərində iştirak üçün namizədliyimi irəli sürməyi düşünmürəm, çünki bu seçkilər marağımda deyil. Heç maraqlanmaq da istəmirəm”.
Bunu Modern.az saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasında iştirak etmiş məşhur “91-lər”in üzvlərindən biri, professor Əsədulla Qurbanov deyib.
Keçmiş YAP-çı Əsədulla Qurbanov onu da qeyd edib ki, sonradan üzvü olduğu Demokratik Azərbaycan Dünyası Partiyasında (DADP) da deyil: “Mən daha heç bir partiyada yoxam. DADP-ni dağıtdılar, məhv elədilər. Bundan sonra mən həmin partiyadan getdim”. Əsədulla Qurbanov “ümumiyyətlə, hansı partiyada olmaq istəyərdiniz” sualına belə cavab verib:
“Mən vətən-dövlət adlı bir partiya yaradılsa, ora üzv olaram. Özümün isə belə bir partiya yaratmaq fikrim yoxdur”. “91-lər”in nümayəndəsi Milli Məclisə keçirilək növbəti seçkilərdə potensial namizədlərin qalib gəlməsini arzu edib: “Kim layiqdir, o da qalib gəlsin. Hamısına uğurlar arzulayıram”. Əsədulla Qurbanov 2005-ci ildə partiya nizamnamə və məramnaməsinə zidd addımlar atmaqda, mövcud qaydalara riayət etməməkdə və radikal mövqe tutmaqda təqsirləndirilib və Yeni Azərbaycan Partiyasından çıxarılıb.
1231 dəfə oxundu