Ləğv edilən universitet tələbələri ilə bağlı - Açıqlama
Bir müddət əvvəl fəaliyyəti dayandırılan Bakı Asiya Universitetinin digər ali təhsil müəssisələrinə köçürülən tələbələrinin təhsil haqqı məsələsinə aydınlıq gətirilib.
Trend-in məlumatına görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib ki, bu məsələ Təhsil Nazirliyi tərəfindən əvvəlcədən araşdırılıb: “Hər bir halda tələbələr ya universitetdə ödədikləri təhsil haqqı qədər, ya da ondan aşağı məbləğdə təhsil haqqını ödəməlidirlər”. Nazir müavininin sözlərinə görə, Bakı Asiya Universitetinin tələbələrinin köçürüldüyü universitetlərdən birinin təhsil haqqı çox yüksək olduğundan köçürülmə zamanı Təhsil Nazirliyinin müvafiq şöbəsi universitet rəhbərliyi ilə danışıqlar aparıb: “Həmin universitet öhdəlik götürdü ki, köçürülən tələbələr Bakı Asiya Universitetində ödədikləri təhsil haqqını burada da ödəyəcəklər. Burada hər hansı təhsil haqqının artırılmasından söhbət gedə bilməz”.
C.Bayramov qeyd edib ki, Bakı Asiya Universiteti yenidən lisenziyanın müddətinin artırılması üçün Təhsil Nazirliyinə müraciət etməyib: “Təbii ki, gələcəkdə müraciət olarsa, nazirlik buna baxa bilər. Onu da qeyd edim ki, Bakı Asiya Universiteti təhsil müəssisəsi kimi qeydiyyatdan keçib və heç bir sənədi ləğv olunmayıb. Sadəcə onun fəaliyyət göstərməsi üçün 5 illik lisenziya lazımdır. Həmin lisenziyanın vaxtı bitib”.
1254 dəfə oxundu