Tərtərdə ordudan təxris olunan gənclərlə görüş - FOTOLAR
Rayonun Mərkəzi Meydanında rayon icra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birlikdə hərbi xidmətdən tərxis olmuş gənclərin qarşılanma mərasimini keçirmişdir. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən əvvəlcə gənclər Heydər Əliyev Mərkəzində olmuş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuş, sonra Ulu Öndərin Mərkəzi Meydanda qoyulmuş abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Mərasimi giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Ruslan Quluyev açaraq gənclərə ordu quruculuğunda görülən işlərdən danışmış, bildirmişdir ki, Azərbaycan Ordusunun güclü maddi-texniki bazası, şəxsi heyyəti, yüksək döyüş və mənəvi-psixoloji hazırlığı vardır. Xalqla ordunun birliyi möhkəmdir.
Sonra Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, valdeyinlər adından Razim Əliyev, hərbi xidmətdən yeni qayıtmış Anar İsbəndiyarov, gənclərin çağırışaqədər hazırlıq müəllimi Təbriz Quluyev çıxış edərək hərbi xidmətdə əsgərlərə göstərilən diqqət və qayğıdan söhbət açdılar.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri salamlayaraq onların valdeyinlərinə gözaydınlığı verdi. O, ölkə rəhbəri tərəfindən ordu quruculuğundan, bu sahəyə göstərilən diqqət və qayğıdan, 48 km təmas xətti olan Tərtər rayonunun ön cəbhədə yerləşən kəndlərində aparılan tikinti-abadlıq işlərindən, onların sosial problemlərinin həllindən, şəhid ailələrinə, müharibə veteranları və əlillərə göstərilən qayğıdan, şəhidlərin adlarının əbədiləşdirilməsindən, vaxtıilə ayrı-ayrı vaxtlarda icra başçısı işləyənlərin küçələrə şəhidlərin adlarının əvəzinə öz atalarının adlarını vermələrindən, həmin küçələrin adlarının dəyişdirilərək Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adlarının verilməsindən, qeyd olunan küçələrdə aparılan abadlıq işlərindən, küçələrin girişində onların baralyeflərinin hazırlanıb qoyulmasından danışdı. Onların döyüş fəaliyyətinin gənclərimizə örnək olduğunu vurğuladı. Rayon rəhbəri çıxışında onu da vurğuladı ki, oktyabr ayının 25-də hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcəkdir. Hər kəs hərbi xidmətdə olan əsgərlərə yaradılan şəraitlə tanış ola, xidmətdə olan yaxınlarına baş çəkə bilərlər. O, rayon sakinlərini “Açıq qapı” günündə iştirak etməyə dəvət etmişdir.
Sonra xidmətdə fərqlənmiş bir qrup gəncə rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Tədbir rayon mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam etdi.
1330 dəfə oxundu