Siyavuş Novruzov: “YAP-a zidd addım atanlara güzəşt edilməyəcək”
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov partiyadan uzaqlaşdırılacaq üzvləri barədə “Yeni Müsavat”a açıqlama verib. Partiya rəsmisi bu məsələdə heç kəsə güzəşt edilməyəcəyini deyib: “Seçkinin nəticələri barədə qərar rəsmiləşdikdən sonra partiyanın rəsmi namizədlərinə alternativ olan şəxslər barədə ciddi tədbir görüləcək. Bu barədə partiyanın rəhbər orqanı qərar verib və məsələ onun səlahiyyətindədir. Buna görə də kiməsə güzəştə gedilməsi barədə heç kim fərdi qaydada mövqe deyə bilməz. Çünki onlar partiyanın siyasətinə qarşı zidd hərəkətlər edib, bu cür addım atıblar.
Ümumilikdə 55 nəfər partiya qərarından kənar öz namizədliklərini irəli sürmüşdü. Lakin onların əksəriyyəti, bir neçə nəfəri çıxamaq şərti ilə namizədliklərini geri götürdülər, yəni, alternativlik yaratmadılar”.
Qeyd edək ki, hakim partiyanın üzvü olub onun rəsmi namizədlərinə alternativ olan namizədlərdən biri də sabiq deputat Nazim Məmmədovdur. Belə ki, o, YAP-ın üzvü olsa da, 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən namizədliyini bitərəf kimi irəli sürmüşdü.
“Yeni Müsavat”a açıqlamasında N.Məmmədov partiyadan kənarlaşdılması məsələsinə münaisbət bildimək istəmədi:
“Bu barədə fantaziyalara cavab verməyəcəm... Seçki mənim üçün bitmiş məsələdir.
Mənim namizədliyim seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü. Bakıda cəmi iki nəfər təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü və onlardan biri mən idim”.
Əlavə edək ki, 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən namizədlərdən biri də YAP siyasi şurasının üzvü Rafiq Məmmədhəsənov idi. İlikn nəticələrə görə həmin dairənin yeni deputatı R.Məmmədhəsənov seçilib.
Məlum olduğu kimi, bəstəkar-müğənni Elza Seyidcahan da YAP üzvü olduğu halda parlament seçkilərinə bitərəf şəxs kimi qatılmışdı və Dairə Seçki Komissiyası onu bitərəf kimi qeydiyyata almışdı. Müğənni “Yeni Müsavat”a açıqlamasında partiyadan uzaqlaşdırlması məsələsinə bu cür münasibət bildirib:
“Mən həmişə YAP-ın sadiq əsgəri olmuşam, hətta partiyaya musiqi də bəstələmişəm...Partiyadan uzaqlaşdırılacağma gəldikdə isə, bu barədə danışmaq istəmirəm”.
Xatırladaq ki, müğənni 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyini irəli sürərək YAP-ın rəsmi namizədi Tahir Süleymanovun alternativi olmuşdu. İlkin nəticələrə görə, T.Süleymanov adı çəkilən dairənin yeni seçilmiş deputatıdır.
1176 dəfə oxundu