Azərbaycanda yeni dövlət standartları təsdiq edildi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir neçə dövlət standartı və təsnifatı təsdiq edilib.
Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi tərəfindən AZS 599-2015 “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər”, AZS 848-2015 (ISO 22000-2005) “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən təşkilatlar üçün tələblər”, AZS 853-2015 (ГОСТ Р 50838-95) “Qaz kəmərləri üçün polietilen borular. Texniki şərtlər”, AZS 854-2015 (EN 13476-3+A1) “Təzyiqsiz yeraltı drenaj və çirkab suları üçün plastik boru sistemləri. Daxili səthləri hamar və xarici səthləri profilli B tipli borular, birləşdirici hissələr və sistem üçün xüsusiyyətlər” dövlət standartları, AZT 049-2015 “Bələdiyyələrin statistik ərazi təsnifatı” təsdiq edilib.
Qeyd edək ki, AZS 599-2015 “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” standartı AZS 559-2011“Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri.Texniki tələblər” dövlət standartına dəyişikliklər edilməklə hazırlanıb və avtomobil, avtobus, motosikl, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur.
AZS 848-2015 (ISO 22000-2005) “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən təşkilatlar üçün tələblər” standartı qida zəncirində iştirak edən bir təşkilatda, qidanın istehlakı zamanı onun təhlükəsiz olmasını təmin etmək və qida təhlükəsizliyinə yönəlik təhdidlərə nəzarət etmək qabiliyyətini nümayiş etdirmək üçün zəruri olan qida təhlükəsizliyinin idarəetmə sisteminə aid tələbləri müəyyən edir.
AZS 853-2015 (ГОСТ Р 50838-95) “Qaz kəmərləri üçün polietilen borular.Texniki şərtlər” standartı sənaye və kommunal-məişət istifadəsi üçün xammal və yanacaq qismində nəzərdə tutulan yanar qazları nəql edən polietilen yeraltı qaz kəmərlərinə şamil edilir.
AZS 854-2015 (EN 13476-3+A1) “Təzyiqsiz yeraltı drenaj və çirkab suları üçün plastik boru sistemləri. Daxili səthləri hamar və xarici səthləri profilli B tipli borular, birləşdirici hissələr və sistem üçün xüsusiyyətlər” standartı təzyiqsiz, yeraltı, drenaj və çirkab su sistemlərində istifadə edilən, plastikləşdirilməmiş polivinilxlor (PVC-U), polipropilen (PP) və polietilendən (PE) əsaslı, profil divarlı borular, birləşdirici hissələr və sistemlər üçün təriflər və xüsusiyyətləri əhatə edir.
AZT 049-2015 “Bələdiyyələrin statistik ərazi təsnifatı” iqtisadi və sosial informasiya təsnifatı olmaqla “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq normativ hüquqi aktları əsas götürülməklə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanıb. Bələdiyyələrin statistik ərazi təsnifatında hər bir bələdiyyənin adı və həmin bələdiyyənin əhatə etdiyi ərazi vahidlərinin və onların müvafiq kodlarının siyahısı verilib.
Standartlar və təsnifat Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim edilib.
1428 dəfə oxundu