Qaralov Rusiyada azərbaycanlı qadının döyülməsini nəzarətə götürdü
Sankt-Peterburqda azərbaycanlılara qarşı törədilmiş cinayətlə əlaqədar Rusiyanın baş prokuroruna müraciət ünvanlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın baş prokuroru Zakir Qaralov 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində polis əməkdaşının sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşı İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol verməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət edib.
Müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, polis əməkdaşı tərəfindən yol verilmiş cinayət hadisəsinin ictimaiyyət arasında rezonans doğurması bildirilməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. Xatırladaq ki, İ.Rəcəbəliyevanın Rusiyada məruz qaldığı fiziki və mənəvi işgəncələr barədə Azərbaycan oxucusuna ilk dəfə virtualaz.org saytı məlumat verib.
Saytın 4 noyabr sayında "Polis azərbaycanlı qadına Rusiyada belə divan tutdu..." başlıqlı məqalədə sahibkarlıqla məşğul olan İ.Rəcəbəliyevanın və onun yetkinlik yaşına çatmayan iki övladının Sankt-Peterburq şəhərində polis zabiti tərəfindən vəhşicəsinə döyülməsindən və təhqir olunmasından bəhs edilirdi.
1164 dəfə oxundu