Ölkə üzrə ən çox SPİD-ə yoluxma Şirvandadır - RƏSMİ
Bu ilin 9 ayı ərzində Azərbaycanda 604 nəfər İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyasına yoluxub.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu il oktyabrın 1-dək 4332 nəfər Azərbaycan vətəndaşı İİV-ə yoluxub. Onların 73,5 faizi (3183 nəfər) kişi, 26,5 faizi (1149 nəfər) qadındır.
Hazırda ölkədəki xəstələrin 1191 nəfər QİCS mərhələsindədir. Onların hamısı Azərbaycan vətəndaşıdır. İndiyədək Azərbaycanda İİV infeksiyasından 729 nəfər dünyasını dəyişib. Ötən illər ərzində İİV-ə yoluxmalar ən çox inyeksion yolla olub. Bu infeksiyaya yoluxmalar 2382 nəfərdə (55%) inyeksion yolla, 1524 nəfərdə ( 35,2 faizi) heteroseksual, 77 nəfərdə (1,8%) homoseksual yol, 79 nəfərdə (1,8%) anadan uşağa keçməklə baş verib. Yoluxma bir nəfərə donor qanı ilə (0,02%) keçib. İİV-ə yoluxanların 270 nəfərində (6,2%) yoluxma yolu müəyyən edilməyib.
Belə xəstələrin müalicəsi üçün tətbiq edilən antivirus terapiyaya 2006-cı ildən indiyə kimi 2784 nəfər cəlb edilib. Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi ən yüksək olan ərazi Şirvan şəhəridir. Ölkə üzrə İİV-in ən çox yayıldığı ikinci rayon Hacıqabul, üçüncü rayon Astara, dördüncü rayon Lənkəran, 5-ci şəhər isə Sumqayıt, 6-ci yeri isə Yevlax tutur. Adları qeyd edilən 6 şəhər və rayonda İİV-in yayılma göstəricisinin yüksək olması həmin ərazilərdə narkomaniyanın daha çox yayılması ilə əlaqəlidir.
1326 dəfə oxundu