Putin və yaxın ətrafının nə qədər pul qazandıqları AÇIQLANDI
Rusiya prezidenti Vladimir Putin və prezident administrasiyası üzvlərinin gəlir və əmlak bəyannamələri dərc edilib.
Yenavaz.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Ötən il Vladimir Putinin illik gəliri 10,2 milyon (122 min dollar) rubl təşkil edib. Bu, 2020-ci illə müqayisədə 2,1% (207 924 rubl) çoxdur. Prezidentin mülkiyyət strukturu dəyişməyib: onun hələ də 77 kvadratmetr mənzili, 18 kvadratmetr qarajı, həmçinin iki “QAZ M21”, “Niva” avtomobili və bir “Skif” qoşqusu var.
Prezident administrasiyasının əməkdaşları arasında il ərzində ən yüksək gəlir prezidentin köməkçisi Vladimir Medinskidədir. O, 2021-ci ildə 106,77 milyon rubl (1,2 milyon dollar) qazanıb. Bu, 2020-ci illə müqayisədə 17,62 milyon rubl (200 min dollar) çoxdur. Medinski bir il ərzində “Mercedes-Benz V250” markalı avtomobilini və parkinq yerini satıb. Onun torpaq sahəsi və iki evi var.
Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, əksinə, 2021-ci ildə əvvəlki illə müqayisədə iki dəfə az - 18,11 milyona qarşı 8,35 milyon rubl (100 min dollar) qazanıb. Medvedevlər ailəsinin əmlak tərkibi dəyişməyib: keçmiş prezident hələ də 367,8 kvadratmetr mənzilin, “QAZ 20” və “QAZ 21” avtomobillərinin, həyat yoldaşı Svetlana isə iki park yeri və bir “Volkswagen Golf” avtomobilinin sahibidir.
Ailə gəlirlərinə görə, prezidentin mətbuat katibi Dmitri Peskov və onun həyat yoldaşı Tatyana Navka öndədir: onlar ümumilikdə 233 milyon (2,8 milyon dollar) rubl qazanıblar. Əsas pay Navkaya düşür, onun gəliri 218,5 milyon rubl (2,6 milyon dollar) təşkil edib. Peskov daha 3 milyon (36 min dollar) rubl əldə edib. Ər-arvadın əmlakının tərkibi il ərzində dəyişməyib - iki nəfər üçün altı mənzil, iki torpaq sahəsi və iki ev, eləcə də parkinq yeri var.
Keçmiş iqtisadi inkişaf naziri Maksim Oreşkin bir il ərzində iki mənzilin (sahələri 77,1 və 108,1 kvadratmetr) sahibi olub. Prezidentin köməkçisinin gəliri 2021-ci ildə 2,22 milyon rubl (26 min dollar) azalaraq 9,44 milyon (113 min dollar) rubl olub.
Prezident administrasiyasının rəhbəri Anton Vaynonun gəliri yarım milyon rubl azalıb - bir il əvvəlki 12,2 milyon rubla qarşı 11,65 milyon (140 min dollar) rubl təşkil edib. Vaynonun həyat yoldaşının gəliri də, demək olar ki, 232 min rubl (540,499 rubla qədər) azalıb. Vaynonun hələ də üç torpaq sahəsi və bir mənzili var.
Prezident Administrasiyası rəhbərinin müavini Vladimir Ostrovenko 2020-ci ildəkindən təxminən iki dəfə çox qazanc əldə edib, o, bir il əvvəlki 10,7 milyon rubla qarşı 23,9 milyon rubl (287 min dollar) qazanıb. Eyni zamanda o, sahəsi 74,6 kvadratmetr olan daha bir mənzilin, eləcə də “Porsche Cayenne” avtomobilinin sahibi olub.
Baş nazirin müavini və prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə nümayəndəsi Yuri Trutnev hökumətdə ilin gəlirlərinə görə lider olub. onun qazancı 9,2 dəfə artaraq 392,6 milyon (4,8 milyon dollar) rubla çatıb.
1929 dəfə oxundu