“Ağdamda universitet yaradıb Heydər Əliyevin adını vermək olar” - Misir Mərdanov
“Heydər Əliyev irsi ilə bağlı xeyli kitab, məqalələr yazılıb, filmlər çəkilib, bu gün də davam edir. Amma nə qədər yazılıb araşdırılsa da, Heydər Əliyev irsi tam öyrənilməyib. Düşünürəm ki, daha dərindən, mükəmməl öyrənmək, ulu öndərin Azərbaycan həyatındakı rolunu millətimizə çatdırmaq üçün hələ çox iş görmək lazımdır”.
Gundeminfo.az xəbər verir ki, bu sözləri Pravda.az-a Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanov “Heydər Əliyev İli” ilə bağlı irəli sürülən təkliflərə münasibət bildirərkən deyib.
M.Mərdanov 2023-cü il “Heydər Əliyev İli” barədə planlaşdırdığı işlərdən də danışıb: “Sözün açığı, çox şeyləri bilirəm. Bir neçə kitabım da çıxıb. Hələ 2001-ci ildə “Təhsil millətin gələcəyidir” adlı bir kitab ərsəyə gətirmişik. Heydər Əliyevin təhsillə bağlı əksər çıxış və nitqlərini toplayıb belə bir kitab çap etmişdik. Bu, çox yaxşıdır. Amma düşünürəm ki, bizim demədiyimiz və yazmadığımız məqamlar da qalıb. Bəs bu məqamları haradan öyrənmək lazımdır? Artıq fikirləşib qərara gəlmişəm ki, kitabxanalarda oturacağam. Bu haqda ilk dəfədir sizin saytınıza danışacağam. İstəyirəm ki, 1969-cu ilin iyul ayından başlayaraq həmin dövrdə çap olunmuş “Kommunist” qəzetini qoyum qarşıma, elm və təhsillə bağlı atılan addımları bir-bir qeyd edim. Bu qəzetdə hər şey barədə gündəlik məlumat verilirdi. Sonda “Heydər Əliyev və Azərbaycan təhsili” adlı bir kitab yazmağı nəzərdə tuturam. Əlbəttə, ara-bir məqalələr də yazmağı düşünürəm. Ürəyimdən keçən budur. Bu, mənə nə qədər qismət olacaq, bilmirəm. Ulu öndərlə bərabər işləmişəm, bütün vəzifələrə məni o təyin edib. İlk təltifim də Heydər Əliyevin rəhbərliyi dövründə olub. Ulu öndər dünyasını dəyişib haqq dünyasına qovuşandan sonra cənab Prezidentimiz İlham Əliyevlə 10 ilə yaxın bərabər işləmişəm. Bu illər həyatımın ən maraqlı illəri olub. Ona görə də 2023-cü il ərzində vəzifələrimdən biri dediklərimi həyata keçirmək, “Heydər Əliyev və Azərbaycan təhsili” adlı sanballı monoqrafiya hazırlamaqdır”.
M.Mərdanov 100 illiyi ərəfəsində Qarabağda Heydər Əliyevin adına şəhər salınması təklifinə də münasibət bildirib: ““Heydərabad” adlı qəsəbə, ya şəhər yaratmaq çox yaxşı olardı. Ağdamda bir universitet yaradıb Heydər Əliyevin adını vermək olar. Bu, əlbəttə, dövlət başçısının qərarı ilə bağlıdır. Nə olur-olsun, mənə belə gəlir ki, Heydər Əliyevə yaraşan bir iş olmalıdır. Çünki ulu öndər çox böyük şəxsiyyət idi və onun adının veriləcəyi yer də şəxsiyyətinin böyüklüyünü nəzərə alaraq müəyyənləşdirilməlidir”.
536 dəfə oxundu