Azərbaycan özünü ərzaq məhsuları ilə təmin edə bilirmi?

Azərbaycan özünü ərzaq məhsuları ilə təmin edə bilirmi?
Dövlət Statistika Komitəsi (DSK) 2021-ci il üzrə Azərbaycanın ərzaq balanslarını açıqlayıb.

Ərzaq balansı, əsas növ kənd təsərrüfatı, xammal və ərzaq ehtiyatlarının mənbələrini və həmin ehtiyatların istifadə istiqamətlərini xarakterizə edən statistik göstəricilər sistemidir.

Ərzaq balansında mühüm növ məhsullar üzrə ölkənin istehsalı, idxalı və istifadəsi ilə bağlı göstəricilər əks olunur. Həmin göstəricilər ölkənin yerli istehsalın mühüm növ məhsullarla təminat səviyyəsini ölçməyə imkan verir.

2021-ci ildə Azərbaycanda 1 milyon 837 min ton buğda istehsal edilib. Ötən ilin istehsalı 2020-ci ilə nisbätän 20 min ton artımla müşayiət olunsa da, 2018 və 2019-cu ildəki buğda istehsalından 200 min ton az olub.

Azərbaycanın idxal etdiyi buğdanın həcmi 1 isə milyon 148 min ton təşkil edib. Bu, o deməkdir ki, ölkənin 2021-ci ildə özünü buğda ilə təminatı 61.5 faizə bərabər olub. Əvvəlki iki ildə bu göstərici 57.1 faiz idi.

Azərbaycanın ümumi buğda təminatında idxaldan asılılığı 40 faizə yaxın olsa da, sırf ərzaqlıq buğdada bu asılılıq daha çoxdur.

Hökumət rəsmiləri bildirmişdi ki, Azərbaycan un istehsalında istifadə edilən taxılla ehtiyacının 25 faizini ödəyə bilir.


2021-ci ildə digər bir taxıl məhsulu olan arpanın istehsalında artım qeydə alınıb. 2015-ci ildən bəri ilk dəfə ölkədə arpa istehsalı 1 milyon tonu ötüb və ölkə özünü yerli istehsal hesabına arpayla tam olaraq təmin edib.

Azərbaycanın illik arpa idxalı cəmi 16 min ton olub və ötən il hətta ixraca da pay ayıra bilib.

İxrac edilən arpanın həcmi 36 min ton olub. Ölkədə istehsal edilən arpa əsasən iki sahəyə yönəldilib. Onun 1 milyon 31 min tonu heyvandarlıqda yem kimi istifadə edilib. 58 min ton arpa isə pivə istehsalına yönəldilib.

2021-ci ildə ölkədə qarğıdalı istehsalı 104 min ton olub. Bu, 2020-ci ilə nəzərən 10 min ton çoxdur və qarğıdalı istehsalının 2019-cu il səviyyəsinə qayıtması deməkdir. Qarğıdalı təminatında yerli istehsalın payı 90 faizi aşıb.

Eyni zamanda, vələmir istehsalında da, bu göstərici 90 faizə yaxın olub. Yəni, taxıl təminatı ilə bağlı rəqəmlərdən aydın olur ki, digər taxıl məhsullarının təminatında yerli istehsal qənaətbəxş olsa da, buğda təminatında idxaldan asılılıq ciddi şəkildə davam edir.


DSK-nın açıqladığı rəqəmlər heyvandarlıqla bağlı mövcud vəziyyəti qiymətləndirməyə də imkan verir. Arıdıcıl olaraq üç ildir ki, ölkədə adambaşına düşən mal əti istehlakı azalıb.

2018-2020-ci illərdə Azərbaycanda adambaşına düşən mal əti istehlakı 16 kiloqramdan çox təşkil edirdi. 2021-ci ildə bu göstərici 15.9 kiloqrama enib.

Əvəzində, həmin müddət ərzində quş əti istehlakının artdığı gözə çarpır. Belə ki, 2018-2020-ci illərdə ölkədə orta illik quş əti istehlakı adambaşına 14.7 kiloqram təşkil edirdisə, 2021-ci ildə həmin rəqəm 15.4 kiloqrama yüksəlib.

Ölkədə adambaşına düşən qoyun və keçi əti istehlakı 2021-ci ildə 8.9 kiloqramdan 9 kiloqrama, balıq əti istehlakı isə, 7.3 kiloqramdan 7.4 kilqorama yüksəlib. Azərbaycanda adambaşına düşən donuz əti istehlakı isə dəyişməz olaraq qalır – 1 kiloqram.

Diqqət çəkən daha bir məqam pandemiya dövründə ölkədə süd və süd məhsulları istehlakının artmasıdır. Əgər 2019-cu ildə Azərbaycanda adambaşına 246 kiloqram süd və süd məhsulu istehlak edilmişdisə, 2020-ci ildə bu göstərici 257 kilqoram, 2021-ci ildə isə 253 kiloqram təşkil edib.

2021-ci ildə Azərbaycanda 145 min ton mal əti istehsal edilib. Bu, bir il əvvəlki göstəricidən 1.4 faiz və ya iki min ton artım deməkdir. Əvəzində, 2021-ci ildə idxal edilən mal ətinin həcmində ciddi azalma qeydə alınıb.

Əvvəlki dörd ildə Azərbaycanda hər il 20 min tondan artıq mal əti idxal edilirdi. 2021-ci ildə isə, bu göstərici cəmi 12 min ton olub. Bu baxımdan, 2021-ci ildə Azərbaycanın özünü mal əti ilə təmin etmə göstəricisi son illər ərzində maksimuma – 92 faizə çatıb.



Qoyun və keçi əti istehsalında isə ciddi dəyişiklik baş verməyib. 2021-ci ildə də bir il əvvəl olduğu kimi 87 min ton ət istehsal edilib. Azərbaycanın özünü qoyun və keçi əti ilə təminetmə səviyyəsi 98 faizdir. Donuz ətinə gəldikdə isə, 2021-ci ildə cəmi 500 ton donuz əti istehsal edilib. Əlavə olaraq 10 min ton donuz əti xaricdən gətirilib. Yəni, ölkədəki donuz əti istehsalı tələbin cəmi 5 faizini qarşılaya bilir.

2021-ci ildə quş əti istehsalında ciddi artım qeydə alınıb. Əgər 2020-ci ildə 115 min ton quş əti istehsal edilmişdisə, 2021-ci ildə bu göstərici 9 min ton artaraq 124 min tonu üstələyib.

2020-ci ildən əvvəl bu göstərici daha aşağı— ortalama 105 min ton civarında idi.

Balıq əti istehsalında isə, əksinə, iki min tona yaxın azalma müşahidə edilib. 2021-ci ildə Azərbaycanda 59 min ton balıq əti istehsal edilib. Bu, son beş ildə ən aşağı göstəricidir. Ölkənin özünü balıq əti ilə təminetmə səviyyəsi də 82 faizdən 78 faizə enib.


Ötən il əsas növ ərzaq məhsullarından kartofda da, özünütəminetmə səviyyəsi aşağı düşüb. 2020-ci ildə Azərbaycanda yerli kartof istehsalı tələbin 90.6 faizini qarşılamağa yetirdi. 2021-ci ildə bu göstərici 88.8 faiz olub. Ötən il adambaşına düşən kartof istehsalı isə, əvvəlki illərə nisbətən artıb və 84.2 kiloqrama yüksəlib.

İl ərzində Azərbaycanda istehsal edilən kartof həcmi isə, 1 milyon 62 min tona çatıb. Artıq ardıcıl olaraq üç ildir ki, ölkənin illik kartof istehsalı 1 milyon tonu ötür. Ancaq, 2021-ci ildə Azərbaycanın kartof idxalı da maksimuma – 227 min tona çatıb.

Tərəvəz, meyvə və bostan məhsullarına gəlincə, Azərbaycan ənənəvi olaraq, özünü bu məhsullarla təmin edə bilib. Ötən il ölkənin tərəvəzlə özünütəminetmə səviyyəsi 106 faiz, meyvəylə 123 faiz, bostan məhsulları ilə isə 103 faiz olub.


Beləliklə, ötən il ölkədə əhalinin daha bahalı mal ətinə olan tələbatını nisbətən daha ucuz olan toyuq əti əvəzləyib. Azərbaycan özünü meyvə və bostan məhsulları, arpa ilə tam təmin edə bilsə də, ölkənin buğda idxalından asılılığı 40 faizə yaxın olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...