MHP-də qurultay: kim qalib gələcək?

MHP-də qurultay:


Türkiyənin aparıcı müxalifət partiyalarından olan MHP-də (Millətçi Hərəkat Partiyası) fövqəladə qurultay böhranı yaşanır. Ankara ikinci icra hakimliyi partiya daxilindəki müxaliflərin qurultay keçirməsi ilə bağlı maneələri aradan qaldırsa da, Gemerek Hüquq Məhkəməsi bunun əksini tələb edən qərar qəbul edib. Bununla da, MHP-də qurultayla bağlı əsl xaos yaranıb.

Partiyadakı müxaliflər bazar günü qurultay keçirəcəklərini bəyan ediblər. Baş qərargahdan isə vəkil Yüce Bulut qurultayın keçirilməyəcəyini, əks halda bunun qanunsuz hesab olunacağını bildirib: “Qanuni olmayan qurultay çağırışına əhəmiyyət verilməməlidir. Qanuna qarşı gedənlər açıq şəkildə cinayətə yol verirlər. Hüquqi baxımdan gerçəkləşməsi mümkün olmayan bir qurultay etibarlı sayılmayacaq”.

Müxaliflərin namizədlərindən Meral Akşenər, Sinan Oğan və Ümit Özdağ mövcud şərtlərin bazar günü qurultay çağırmağa mane olmadığını bildiriblər. “MHP cəmiəsinə xeyirli-uğurlu olsun” deyən namizədlər başqa qərar gözləməyə ehtiyac olmadığını da qeyd ediblər. Akşenər “Tvitter” hesabından bəyan edib ki, bazar günü səhər saat 10-da qurultay öz işinə başlayacaq.

Sinan Oğan da bazar günü qurultayın toplanacağını bildirib: “Mücadiləmizi hüquq çərçivəsində davam etdirəcəyik. Bazar günü qurultay keçirmək üçün qarşımızda heç bir maneə yoxdur”. MHP sədri Dövlət Baxçalı isə məsələyə münasibətində bildirib ki, partiyanın 15 mayda fövqəladə qurultayı olmayacaq: “Şəhidlər karvanı durmadan davam edir. Bu əsnada millət olaraq kədərlənir, acılardan-acılara keçid edirik. Son olaraq Hakkaridə 8 qəhrəman əsgərimiz şəhid olub. Bu xəbəri dərin kədər və vicdan əzabıyla oxuduq. Bu qanlı, vəhşi hücumlar nə vaxt sona çatacaq? Hansı səhərə gözümüzü ümidlə açacaq, hüzur və səadət tapacağıq? Bu davaya könül vermiş heç bir qardaşım okeanın o tayından gələn oyunun fiquru olmamalı, sözdə qurultay tələsinə düşməməlidir. MHP-ni xaos içində göstərmək, MHP-ni əngəlləməyə çalışmaq nəticəsi ağır olacaq bir təşəbbüsdür. Paltarda sökük olarsa, tikilə bilər. Amma o sökük zehniyyət və niyyətdə olarsa, çarəsi yoxdur. Qurultay, yer və zaman barədə danışanlar verilmiş məhkəmə qərarına qarşı çıxaraq cinayət törədirlər”.

Dünən axşam saatlarında qurultayla bağlı növbəti qərar 25-ci icra dairəsindən gəlib. Qərarda qurultayın keçirilməsinə icazə verilmədiyi bildirilib. Partiyadakı müxaliflərin bu qərara tabe olub-olmayacağı isə bazar günü bəlli olacaq.

MHP-nin keçmiş millət vəkili Həsən Hüseyn Türkoğlu bildirib ki, qurultayın baş tutmaması üçün hökumət və Ədliyyə Nazirliyi məhkəmələrə təzyiq göstərir: “Ikinci icra müdirliyi Generek Məhkəməsinin qərarını ləğv edib. Hakim qərarın icrası üçün onu Ankara 25-ci icra dairəsinə göndərib. Icra dairəsi isə dirəniş göstərir. Hakim Ədliyyə Nazirliyindən razılıq gəlmədən qərarı icraya yönəltməyəcəyini deyir. Nazirlək 25-ci icra dairəsinə telefonla qərarı icra etməmək göstərişi veriblər. Amma bütün basqılara baxmayaraq, qurultay toplanacaq. Saray və AKP hazırkı MHP rəhbərliyinin partiyada qalması üçün hər şeyi edir. Açıq-aşkar hüquqi cinayətə yol verirlər”. (azadlıq.info)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
860 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...