Aİ Azərbaycanla yeni saziş üzrə danışıqları tezliklə yekunlaşdırmaq niyyətindədir

Aİ Azərbaycanla yeni saziş üzrə danışıqları tezliklə yekunlaşdırmaq niyyətindədir
Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Biz xüsusilə enerji, islahatlar, ticarət və investisiyalar sahəsində uğurlu əməkdaşlığımızı davam etdirmək və gücləndirməkdə maraqlıyıq.

APA xəbər verir ki, bu barədə Aİ-nin ATƏT-dəki Nümayəndəliyinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ötən gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışına dair bəyanatında bildirilib.

“Avropa İttifaqı xarici işlər naziri Bayramovu Daimi Şurada səmimiyyətlə salamlayır və ona çıxışına və bu forumda iştirakına görə təşəkkür edir”, - qeyd olunub.

Diqqətə çatdırılıb ki, Aİ-nin İqtisadi və İnvestisiya Planında əlaqələnmə və enerji əsas elementlərdir. Bu plan Azərbaycana 2 milyard avroyadək dövlət və özəl sərmayələrin cəlb olunmasını hədəfləyir.

“Azərbaycan Avropanı Mərkəzi Asiya və onun hüdudlarından kənarda yerləşən ölkələrlə birləşdirən Orta Dəhlizin inkişaf etdirilməsində və xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsində əsas rol oynayır.

2022-ci ilin iyulunda Bakıda energetika sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Aİ-Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar davam edir və Aİ danışıqları tezliklə yekunlaşdırmaq məqsədinə sadiq qalır”.

Bəyanatda o da deyilir ki, qanunun aliliyinin, insan haqlarının və demokratik təsisatların möhkəmləndirilməsi Azərbaycanın uzunmüddətli maraqlarına xidmət edir: “Mayın 22-23-də Brüsseldə keçirilən Ədliyyə, Azadlıq, Təhlükəsizlik və İnsan Haqları və Demokratiya üzrə Alt Komitənin iclasında Aİ Azərbaycanın məhkəmə sisteminin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin effektiv mexanizmlərinin yaradılması və Aİ standartlarına uyğun olaraq şəffaflığı təmin etmək üçün dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində addımlar atmaq öhdəliyini təqdir edib”.

Diqqətə çatdırılıb ki, Aİ Azərbaycanın islahatlarda əsas tərəfdaşıdır və mənalı islahatların aparılmasında Azərbaycana dəstək verməyə hazırdır.

“Aİ-nin hər zaman və istənilən şəraitdə ölüm hökmünə qarşı prinsipial mövqeyinə uyğun olaraq, biz Azərbaycanın ötən ilin mart ayında Avropa İnsan Hüquqları Konvensiyasına bütün hallarda ölüm hökmünü qadağan edən 13 saylı Protokolun imzalamasını alqışlayır və onun ratifikasiyasını səbirsizliklə gözləyirik”, - qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...