Avtomobillər bələdiyyənin ərazisində qeydiyyatda olmur ki, vergi tətbiq edilsin - RƏY

Avtomobillər bələdiyyənin ərazisində qeydiyyatda olmur ki, vergi tətbiq edilsin -
"Bizim televiziyalar səhərdən axşama qədər bu aldı, getdi, boşandı verməli deyil. Əmək məhsuldarlığının artması, yeni dövrdə iş qurmaqla bağlı verilişlər verməliyik".

Bunu Milli Məclisin iki komitəsinin birgə iclasında deputat Elşad Musayev deyib.


O bildirib ki, sahibkarlığı inkişaf etdirmək üçün vergi yükünü azaltmaq lazımdır. Onun sözlərinə görə, dövlətin üzərinə düşən yükü azaltmaq lazımdır:
"Bunun üçün bələdiyyələrə imkan vermək lazımdır ki, işləsinlər. Zibil daşımağı belə bələdiyyənin əlindən almışıq. Bir təklif də vermək istərdim. Məsələn, bir bələdiyyənin ərazisində 30 min avtomobil var. Qanunvericilikdə dəyişiklik edək, buna imkan verək ki, hər avtomobildən ildə 10 manat əmlak vergisi götürsün".

Məsələ ilə bağlı danışan tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, təklif kifayət qədər qeyri-realdır:

"Azərbaycanda daşınan əmlakın reyestri fərqli formada həyata keçirilir. Avtomobillərin qeydiyyatı bələdiyyə əraziləri üzrə deyil, müvafiq inzibati bölgü vahidinə əsasən rayonlarda aparılır. Bələdiyyə ərazisində hərəkətdə və yaxud qeydiyyatda olan avtomobillər anlayışı yoxdur. Ümumiyyətlə, yerüstü nəqliyyat vasitələrinin qeydiyyatının aparılması onların hər hansı formada vergiyə cəlb edilməsini Dövlət Yol Polisi İdarəsi həyata keçirir. Bununla bağlı hər il bir dəfə texniki baxış prosseduru həyata keçirilir. Hətta bunun üçün vətandaşlardan utilizasiya xərcləri də alınır. Digər tərəfdən avtomobillərin alqı-satqısı zamanı mülkiyyətin bir şəxsdən digərinə keçirilməsi üçün vergilər tətbiq olunur. Bura yol vergisi, texniki pasportun dəyişdirilməsi və digər sənədləşmələrin aparılması daxildir. Yəni, avtomobillər daşınan əmlak kimi bələdiyyənin inzibati ərazisində qeydiyyatda olmur ki, vətəndaşlara hansısa vergi tətbiq edilsin. Fikrimcə, bu təklifi irəli sürmədən öncə, bir neçə dəfə düşünmək lazım idi. Bələdiyyələrin inkişafı ilə bağlı avtomobil sahiblərini 5-10 manat vergiyə cəlb etmək doğru deyil. Yaxşı olardı ki, qanunsuz tikililərlə bağlı gözlənilən kütləvi amnistiya qəbul olunsun. Mənzillərin qeydiyyatı həyata keçirilsin və vətandaşların mülkiyyət hüquqları tanınsın. Bundan sonra bələdiyyələrin ərazisində olan daşınan yox, daşınmaz əmlaklar vergiyə cəlb edilə bilər. Bununla bələdiyyələrin hesabına ciddi şəkildə vəsaitlər daxil olacaq. Ən mühüm məqam isə Azərbaycanda nəqliyyat vasitələrinin sahiblik hüququnun əksər hallarda etibarnamə ilə tanınmasıdır. Yəni, nəqliyyat vasitəsi bir bələdiyyənin ərazisində olsa da etibarnamə ilə digər bələdiyyənin ətrafında ola bilər. Bu səbəbdən təklifi dəstəkləmirəm. Ümumiyyətlə, təklifin həyata keçirilməsi qanunvericiliklə mümkün deyil".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...