Deputatdan Hüseyn Cavidi “qulbeçə” adlandıran filosofa cavab
Millət vəkili Fazil Mustafa filosof Ağalar Məmmədovun məqalələrindən birində Əli bəy Hüseynzadə və Hüseyn Cavidi dilimizi zibilləməkdə ittiham etməsinə münasibət bildirib
O “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu cür təpkili mübahisələrin ortaya qoyulması birinci dəfə deyil:
“Ədəbiyyatşünaslıqda bu səpkidə kifayət qədər araşdırmalar var. Birincisi, Mirzə Cəlil yoludur ki, burada Azərbaycan türkçəsinin, haqq dilinin tamamilə fərqli bir etnosun dil komponentinin formalaşamasından söhbət gedir. Bundan əlavə, ortaq türk dili üzərində çalışmalar aparılıb.olub. Amma zaman göstərdi ki, ortaq türk dilinin yaranması imkanları o qədər də geniş deyil.
Bunlar ideya məsələləridir və bəsitləşdirmək doğru deyil. Əli bəy Hüseynzadə daha çox osmanlı türkcəsinə üstünlük verib, Hüseyn Cavidin də yaradıcılığı bunun üzərində qurulub. Bunu dilin zibillənməsi kimi ifadə etmək ədəbli norma deyil. Əli bəy Hüseynzadə daha çox elitar dil üzərində çalışıb. Referans olaraq da osmanlı türkçəsini götürməyi təklif edib. Çünki o zaman Osmanlı türkçəsi daha populyar idi və areal olaraq geniş yayılmışdı. Mirzə Cəlil isə Molla Nəsrəddin məktəbi ilə daha sadə, xalq dilinə uyğun Azərbaycam türkçəsi ortaya qoydu. Bu da Azərbaycan insanına daha cəlbedici gəldi. Bizim hazırda daha çox qəbul etdiyimiz yol Mirzə Cəlil məktəbindən gələn, fars və ərəb dillərindən xeyli dərəcədə təmizlənmiş dil komponentidir”.
Onun sözlərinə görə, Azərbaycan türkçəsinə rus, avropa, fars və ərəb dilindən də kifayət qədər faydalı sözlər daxil olub: “ Bu proses nikah məsələsi kimi bir şeydir. Yəni, başqa xalqların dilindən də faydalı olacaq elementləri dilə gətirib onu ailəyə qoşmaq mümkündür. Hər bir gətirilən element hansı zamanda kimlər tərəfindən dilə daxil edilibsə, bunların hamısını normal qəbul etmək lazımdır. Çünki dili qurutmaq olmaz. Ona müxtəlif istiqamətlərdən bulaqların axması müsbət proses kimi qəbul olunmalıdır”.
Qeyd edək ki, müəllif məqaləsində Hüseyn Cavidi qulbeçə adlandıraraq belə bir fikir işlədib: “Vaxtında repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi". Əli Bəy Hüseynzadəni isə XIX-XX yüz illiklərdə azərbaycancanı osmanlıcanın ayaqları altına çəkənlərin birincisi hesab edir.
1298 dəfə oxundu