Lənkəranda çimərlik əraziləri çirklənib, antisanitar vəziyyət yaranıb
“Lənkəran və Astara rayonlarında keçirilən monitorinq zamanı tullantıların idarə edilməməsi səbəbindən onların relyefə, kanallara, təbii axarlara və Xəzər dənizinə təsiri müəyyən edilib”.
APA-nın xəbərinə görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində öz əksini tapıb.
Qeyd olunur ki, Lənkəranda fərdi yaşayış evlərində formalaşan tullantı suların bir qismi şambolara, bir qismi Bioloji Təmizləyici Qurğunun (BTQ) köhnə kanalizasiya şəbəkəsinə, digər hissəsi isə həmin ərazidən birbaşa Xəzər dənizinə axıdılır: “Şəhəri tam əhatə etməyən kanalizasiya şəbəkəsi dənizin ekosistemi ilə yanaşı, şəhər ərazisindən keçən təbii axarlara və kanallara öz mənfi təsirini göstərir. Bundan başqa şəhərin “Kiçik bazar” adlanan yaşayış ərazisində, eləcə də şəhərin mərkəzində yerləşən yaşayış binalarında, müəssisə və təşkilatlarda formalaşan tullantı suları dəmiryol vağzalının qarşısındakı boru vasitəsi ilə sahil zolağından birbaşa Xəzər dənizinə axıdılır. Formalaşan tullantı suların Xəzər dənizinə axıdıldığı sahələr çimərlik əraziləridir. Nəticədə Xəzər dənizi ilə yanaşı, sahil xətti də çirklənərək antisanitar vəziyyət yaranır”.
O da bildirilir ki, Astara rayonu ərazisində çirklənməyə məruz qalan axarlardan biri Kələdəhnə çayıdır. Bundan başqa Astaraçay və Pensərçay təbii axarları da çirklənməyə məruz qalır. Lənkəran rayonunda yerləşən BTQ bərpa olunmasa, tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə və yaxud dənizlə əlaqəsi olan axarlara axıdılaraq dənizin ekoloji vəziyyətinin daha da gərginləşməsinə səbəb ola bilər.
1158 dəfə oxundu