İzmir valisi: "Terrorçular polislərin sayıqlığı nəticəsində məqsədlərinə çata bilməyiblər"

İzmir valisi: "Terrorçular polislərin sayıqlığı nəticəsində məqsədlərinə çata bilməyiblər"


Bu gün yerli vaxtla saat 16.00 (Bakı vaxtı ilə saat 17.00) İzmirdə məhkəmə binası qarşısında polislər şübhəli avtomobili saxlamaq istəyib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İzmir valisi Erol Ayyıldız jurnalistlərə açıqlamasında bildirib ki, terrorçular avtomobildən düşüb, atəş açaraq qaçmağa başlayıblar. Daha sonra terrorçular avtomobili partladıblar. Atışma nəticəsində 2 terrorçu öldürülüb, bir polis və bir məhkəmə işçisi şəhid olub.

Terrorçulara məxsus 2 avtomat silah və 8 əl bombası aşkarlanıb. Məhkəmə binasının qarşısında bir avtomobil də aşkarlanıb. Həmin avtomobil polis tərəfindən təhlükəsizlik məqsədi ilə partladılıb.

E. Ayyıldız bildirib ki, terror aktının törədilmə forması və öldürülən terrorçuların şəxsiyyəti hadisənin PKK tərəfindən törədildiyi qənaətinə gəlməyə əsas verir.

Vali 3-ü polis olmaqla, 7 yaralının olduğunu nəzərə çatdırıb. E. Ayyıldız üçüncü terrorçunun olub-olmadığının araşdırıldığını da qeyd edib.

Vali onu da bildirib ki, planlaşdırılan irimiqyaslı terror aktının qarşısı məhz polislərin sayıqlığı nəticəsində alınıb: "Polislərin səyi nəticəsində terrorçular əsas məqsədlərinə çata bilməyiblər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...