Qarabağa getdiyi üçün Belarusda tutulan bloqqerə deyiblər: “Sənin məsələn həll olunub”
Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etdiyi üçün barəsində cinayət işi qaldırılıb axtarışa verilən və ötən ay Belarusda həbs olunan rusiyalı bloqqer, İsrail vətəndaşlığı daşıyan Aleksandr Lapşindən xəbər var. Virtualaz.org bildirir ki, Yeni il tətili günlərində bloqqeri Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları təcridxanada ziyarət ediblər və ona “sənin məsələn artıq həll olunub” deyiblər.
Bu barədə bloqqerin rəfiqəsi Yekatrina sosial şəbəkələrdə yazıb. Onun bildirdiyinə görə, Lapşinə deyiblər ki, Azərbaycana ekstradisiyası ilə bağlı məsələ həll olunub. Habelə deyiblər ki, əldə olunan razılaşmaya əsasən Lapşin Belarusdan Azərbaycana ekstradisiya olunacaq, buradan isə onu dərhal vətəndaşı olduğu İsrailə təhvil verib orada mühakimə olunmasını istəyəcəklər.
Lakin bu söhbət şifahi olub, protokol tərtib edilməyib və İsrail konsulluğunda deyiblər ki, bu görüş və ekstradisiya barədə razılaşmadan xəbərsizdirlər. Xatırladaq ki, ermənilər Lapşinin həbsi ətrafında bacardıqları qədər hay-küy qaldırıblar. İsrail XİN isə Azərbaycandan xahiş edib ki, bloqqerin təqiblərini dayandırsın. Lakin Bakı Lapşinin ekstradisiyasında israrlıdır. Eyni zamanda bu məsələnin İsraillə münasibətlərə zərər yetirməməsinə də çalışacaq.
965 dəfə oxundu