FHN-ə verilən 4 milyonluq hədiyyə hələ Bakıya gətirilməyib
Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupunun Fövqəladə Hallar Nazirliyinə hədiyyə etdiyi “DeepFlight Super Falcon” sualtı qayığı hələ ölkəmizə gətirilməyib.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov məlumat verib.
FHN rəsmisi bildirib ki, təmənnasız olaraq nazirliyə bağışlanan “DeepFlight Super Falcon” sualtı qayığının nə zaman Azərbaycana gətiriləcəyi barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupu Fövqəladə Hallar Nazirliyinə “DeepFlight Super Falcon” sualtı qayığı hədiyyə edib. Sualtı qayıq böyük yaxtalardan və ya sahildən suya endirilə bilər. Tamamilə elektrik mühərrikləri ilə işləyir, heç bir səs çıxarmır, yüksək sürətlidir və bu keyfiyyətinə görə “sualtı qırıcı təyyarə” adı alıb. Sualtı qayıq iki nəfərlikdir, dənizlərin və okeanların dibində 120 metr diametrdə zonanı müşahidə etməyə imkan verir.
“DeepFlight Super Falcon” sualtı qayığı yüksək komforta, təhlükəsizliyə və 360 dərəcə bucaq altında müşahidə aparmaq imkanlarına malikdir. Qayığın qiyməti minimum 3- 4 milyon manat dəyərindədir.
788 dəfə oxundu