20 Yanvar faciəsinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirildi
Yanvarın 13-də Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon təhsil şöbəsi, Gənclər və İdman İdarəsi ilə birlikdə şəhər 2 saylı məktəb-liseydə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Tariximizin qara səhifəsi” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Tərtər rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı Elvin Umudov çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixi olduğunu qeyd etdi.O, bildirdi ki, tarix boyu Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparıb. 27 il öncə də qanlı yanvar gecəsindən dərhal sonra Azərbaycanın informasiya blokadasına alındığı ağır bir siyasi şəraitdə ümummilli lider Heydər Əliyevin heç kimdən çəkinmədən Azərbaycan Respublikasının Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırdı, öz xalqı ilə birlikdə oldu. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan igid Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Çıxışlar bitdikdən sonra inşa yazı müsabiqəsi başlanıldı. Müsabiqədə rayonun 42 ümumtəhsil məktəbindən 42 şagird iştirak etdi.
Müsabiqənin nəticələri yazılar komissiya üzvləri tərəfindən yoxlanıldıqdan sonra bəlli olacaq. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunacaq.
868 dəfə oxundu