"20 il çəkdiyim əziyyət hədər oldu" - 4 dəfə dopinqə düşən idmançımız
"Gündə bir oyun çıxarırlar, baş aça bilmirəm. Belə də olmaz".
Bunu "Report"a açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının sabiq üzvü İntiqam Zairov orqanizmindən istifadəsi qadağan olunmuş preparatının dəfələrlə aşkarlanması ilə əlaqədar danışarkən deyib.
O, 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunları, 2013-cü il Avropa çempionatı və 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilməməsi ilə əlaqədar fikirlərini bölüşüb: "Bəli, məndən dopinq tapıldı. Amma baxın: Bir olimpiadadan 8 il, o biridən 4 il keçib. Belə şey olar? Adicə hər gün bir telefonun yeni modelləri çıxır. Yeni texnikalar olduqca, hamı dopinqə düşməlidir".
İ. Zairov orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatlarının dəfələrlə aşkarlanması ilə əlaqədar heç kimi günahlandırmadığını və bu sahədə çəkdiyi əziyyətin hədər olduğunu söyləyib: "Deyirlər ki, 2013 və 2015-ci illərdə də dopinq-testdən keçə bilməmisən. Nə deyim? Onlara nəyisə sübut etmək qeyri-mümkündür. 20 il çəkdiyim əziyyət hədər oldu. Məndən 4 dəfə dopinq tapılıb. Belə çıxır ki, ömrümü idmanda boşa vermişəm. Bunlar siyasət, Rusiya ilə əlaqədar olan məsələlər, hamısı yoxlama ilə görülən işlərdir. Yəni, xəbərim olmadan mənə qadağan olunmuş dərman verməyiblər. Bu məsələdə kimisə günahkar saymaq boş şeydir. Daldan atılan daş topuğa dəyər".
Yığmanın 32 yaşlı sabiq üzvü peşəkar idmançı karyerasını başa vurduğunu bildirib. O, məşqçi kimi fəaliyyət göstərməyə hazır olduğunu dilə gətirib: "2015-ci ildə tək məni yox, bir neçə idmançını 8 il müddətinə diskvalifikasiya etdilər. Artıq 32 yaşım var və idmanı buraxdım. İmkan olsa, məşqçi kimi işləyəcəyəm. Federasiyadan məsləhət görsələr, işləyərəm. Niyə də işləməyim? Mən bu yolda olmuşam. "Başqa iş gör" desələr, onu da edəcəyik. Yəqin ki, gec-tez bir işlə təmin olunaram".
Qeyd edək ki, İntiqam Zairov dopinq-testinin təkrar analizi müsbət nəticə verdiyi üçün "Pekin-2008" və "London-2012"də müvafiq olaraq, tutduğu 9-cu və 6-cı yerlərdən məhrum edilib. O, 2013-cü il Avropa çempionatında qızıl medal qazansa da, orqanizmindən istifadəsi qadağan olunmuş preparatın tapılması səbəbindən 2 illik cəzalanıb. Cəza müddətini başa vurduqdan sonra Zairov 2015-ci il dünya çempionatına qatılıb. Amma bu dəfə təcrübəli ağırlıqqaldıran dopinq-testi müsbət nəticə verdiyi üçün 9-cu yerdən məhrum edilib.
846 dəfə oxundu