Azərbaycanda silah istehsalı artıb
Müdafiə Sənayesi Nazirliyində 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya keçirilib.
AzVision.az xəbər verir ki, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Kollegiyanın sədri Yavər Camalov bildirdi ki, 2016-cı ildə dünyada və regionda təhlükələrin, risklərin, təhdidlərin artmasına, qanlı münaqişələrin, müharibələrin davam etməsinə, yeni münaqişə ocaqlarının yaranmasına baxmayaraq, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamış, vahid amal uğrunda birləşərək ölkəmizi inkişaf etdirmiş, müstəqilliyimizi daha da möhkəmləndirib.
Qeyd olunub ki, 2016-cı ildə Müdafiə Sənayesi Nazirliyin (MSN) müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Belə ki, 2015-ci illə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalında 1,8 dəfə artım əldə olunub.
Bildirlib ki, hesabat ilində sifarişçilərə təhvil verilmiş məmulatlardan - pilotsuz uçuş aparatlarını, minaatanları, AK-74M tipli avtomatı, universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, avtomatik qumbaraatan kompleksini, zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, atəş yığımlarını, tank əleyhinə əl qumbaraatanı üçün qumbaranı, təlim aviasiya bombalarını və s. göstərmək olar.
2016-cı ilin Yaradılma Proqramına əsasən nazirliyin müəssisələri tərəfindən daxili imkanlar hesabına 4 məmulat, 53 mərhələ üzrə təcrübi-konstruktor işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. 2016-cı ildə aparılan məqsədyönlü işlər nəticəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müvafiq proqramlar əsasında bir sıra yeni növ müdafiə və mülki təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər həyata keçirilib. Hesabat dövründə nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eyni zamanda, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.
Kollegiyada bildirilib ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisi kimi “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisini də yüksək səviyyədə təşkil edib. İlk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafə Sənayesi Nazirliyi “ADEX-2016” sərgisində 260 adda məmulat nümayiş etdirib.
877 dəfə oxundu