"Ötən il 52 nəfər xidmətdən xaric edilib, 42 nəfər vəzifədən azad olunub"

"Ötən il 52 nəfər xidmətdən xaric edilib, 42 nəfər vəzifədən azad olunub"


Bu gün Daxili İşlər Nazirliyində 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiya iclasında çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 277-dən 271-ə enib.

Qeyd olunub ki, ölkədə ictimai asayişin qorunmasında böyük rolu olan Əlahiddə Çevik Polis Alayı qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirib, habelə xüsusi təyinatlı bu nizami polis hissəsinin əməkdaşları tərəfindən müxtəlif cinayətlərə görə 804 nəfər, həmçinin inzibati xəta törətmiş 28 min şəxs saxlanılıb.

Ramil Usubov həmçinin qeyd edib ki, daxili nəzarət qaydasında keçirilmiş tədbirlərlə vətəndaşları əsassız polisə gətirdiklərinə, saxladıqlarına, məsuliyyətə cəlb etdiklərinə, qanunsuz axtarış apardıqlarına, sürücülərin hüquqlarını pozduqlarına, kobud rəftara yol verdiklərinə və s. qəbahətlərə görə 350 əməkdaş intizam qaydasında cəzalandırılıb, onlardan 52 nəfəri xidmətdən xaric edilib, 42-si tutduğu vəzifədən azad olunub, 256 əməkdaşa digər intizam tənbehləri verilib.

Kollegiyada Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək respublikada ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyəti Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin yüksək səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində bir sıra uğurlar qazanıldığını qeyd edib.

Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Cinayət Axtarışı İdarəsinin rəisi Arzu Daşdəmirov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimov və başqaları hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qarşıya qoyulmuş vəzifələrdən, həyata keçiriləcək konkret tədbirlərdən danışıblar.

İclasa yekun vuran daxili işlər naziri 2016-cı ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.

Qeyd olunub ki, 2017-ci ildə qarşıda çox mühüm vəzifələr durur. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsi, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqların tam aradan qaldırılması üçün şəxsi heyət daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməlidir. Cari ildə Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” və “2017 Formula 1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışları zamanı asayişin mühafizəsi və təhlükəsizlik tədbirlərinin təmini ilə bağlı planlaşdırılmış bütün təşkilati tədbirlər vaxtında, yüksək səviyyədə yerinə yetirilməlidir.

Daxili işlər naziri, ilk növbədə, xalqa xidmət funksiyalarının, müasir texnologiyaların tətbiqinin genişləndirilməsinin, qanunçuluğun daha da möhkəmləndirilməsinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinin, xidmətdə fərqlənənlərin həvəsləndirilməsinin zəruriliyini vurğulayıb.


***
saat 10.23

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçirilən kollegiya iclası 2016-cı ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.

Kollegiya iclası barədə ictimaiyyətə məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
933 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...