Geomaqnit qasırğası gözlənilir

Geomaqnit qasırğası gözlənilir


"Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 3-dür (maksimum 9 olur), lakin o, daha da artacaq. Bu gün və qarşıdan gələn günlərdə geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir". Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, yaxın saatlarda və martın 2-də G1 sinifli qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir: "Geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və kanyonabənzər böyük ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. “Tac dəlikləri”ndən yüklü plazma zərrəcikləri Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hazırda “günahkar” plazma küləyini sürəti 460 km/saniyə-dir".

E. Babayev deyib ki, hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır: "Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur.

Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...