Müəllif Hüquqları Agentliyinin göstərdiyi xidmətlərin bir hissəsi ödənişli olacaq
“Müəllif Hüquqları Agentliyinin fəaliyyəti mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı kimi indiyədək dövlət büdcəsi hesabına maliyyələşdirilir. Agentliyin təşkilati-hüquqi formasının dəyişməsi və publik hüquqi şəxsə çevrilməsi isə yeni hüquqi situasiya yaradır. Belə vəziyyətdə agentliyin göstərdiyi xidmətlərin bir hissəsi ödənişli olacaq”.
APA-nın xəbərinə görə, bu barədə Müəllif Hüquqları Agentliyinin yaydığı açıqlamada qeyd olunub. Bildirilib ki, belə xidmətlər agentliyin tənzimləməsi və nəzarəti nəticəsində əqli mülkiyyət hüquqlarından gəlir götürən kommersiya fəaliyyətli hüquqi şəxslərə şamil olunacaq.
“Müəllif Hüquqları Agentliyinin yerinə yetirdiyi bir sıra vəzifə və funksiyalar agentlik publik hüquqi şəxs kimi fəaliyyətə başlayandan sonra da eyni qaydada davam etdiriləcək. Azərbaycan xalqına məxsus olan əqli mülkiyyət nümunələrinin ənənəvi biliklər və digər növlərinin hüquqi qorunmasının həyata keçirilməsinin təmin edilməsi, onların mənimsənilməsinə və onlardan istifadə ilə bağlı hüquqların pozulmasına, erməni plagiatlığı və saxtakarlıqlarına qarşı mübarizə tədbirləri davam etdiriləcək. Agentliyin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün hüquqi baza tam formalaşmayıb. Qurumun nizamnamə layihəsi ilə yanaşı, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Dövlət qulluğu haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb, aidiyyəti orqanların rəy və təklifləri nəzərə alınmaqla təkmilləşdirilib və Nazirlər Kabinetinə təqdim edilib” - deyə, açıqlamada bildirilib.
1027 dəfə oxundu