Kərə yağı niyə bahalaşır? (ŞƏRH)
Son günlərin aktual mövzularından biri ölkədə kərə yağlarının qiymətinin artmasıdır. Bu hal son zamanlar kəskin xarakter alıb. "Azad İstehlakçılar" İctimai Birliyi (AİİB) ölkədə kərə yağının qiymətlərinin artmasına dair daxil olan sualları cavablandırmaq məqsədilə beynəlxalq əlaqələrindən istifadə edərək vəziyyəti araşdırıb.
Qurumun rəhbəri Eyyub Hüseynov bildirib ki, kərə yağının bahalaşmasının əsas səbəbi dünya bazarındakı bahalaşma ilə bağlıdır.
"2016 -cı ilin iyun-iyul ayları ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə kərənin dünya bazarında qiymətləri 100%, yəni 2 qat artıb. Dünya bazarı dedikdə, Okeaniya NZ - Avstraliya (əsas istehlakçı NZ-dir), Avropa və Amerika qiymətləri nəzərdə tutulur. Qiymətə təsir edən bu 3 bazardan isə Okeaniyanın təsiri daha çoxdur. Bələ ki, Amerika əsasən daxili bazarı təmin edir, Avropa istehsalçıları Avropa və Avropaya yaxın ölkələrə, Okeaniya isə demək olar ki, əksər ölkələrə ixrac edir (Avropa və Amerikaya da)".
Bəs dünyada bahalaşmanın səbəbi nədir? Ekspert bunu belə izah edir:
"Ümumilikdə süd istehsalında azalma var. Bu dünya bazarında süd məhsullarının 2015-ci ilin son 2 rübü - 2016-ci ilin ilk 2 rübündə aşağı olması ilə bağlıdır. Süd məhsulullarının qiyməti aşağı olanda süd istehsal edən fermerlər inəklərini satırlar, sahələrini digər məhsul istehsalına uyğunlaşdırırlar. Bu proses çox xoşagəlməz haldır. Belə ki, yenidən süd istehsalına qayıtmaq bir neçə il vaxt aparır. Lakin südün tərkibində olan yağa (ingiliscə Milk Fat) tələbat artıb. Bu da yağ istehsalında başlıca məhsuldur. Deməli kərə yağına tələbat artıb. Tələbatın artımı isə çox insanın marqarin deyilən məhsuldan imtina etməsi və təbii kərə yağı istifadəsinin artırmasıdır.
Bunun da 2 səbəbi var. 1-ci səbəb - alimlərin son illər apardıqları tədqiqatlar sübut edir ki, kərə yağı orqanizmə marqarindən daha xeyirlidir və daha az zərərlidir. 2-ci səbəb isə insanlar təbii məhsullara daha çox üstünlük verməyə başlayıblar.
Azad bazarda da tələb artanda istehsal tələbatı tam ödəyə bilmirsə, qiymətlər artır. Bu artım 2016 ci ilin avqustundan bəri başlayıb və bu ilin iyun-iyul aylarında pik həddə çatıb. Ümumiyyətlə, qapalı dairə mövcuddur. Südün qiyməti aşağı düşərsə, fermer çökür, inəyi ətə çevirir, bundan sonra südün və yağın qiyməti qalxır və ya əksinə.
Quru süd qiymətləri ilə bağlı vəziyyət isə belədir: Normalda yağlı və yağsız quru süd arasında qiymət fərqi hər tona görə 100-200 dollar olur. Hazırda isə yağlı quru süd yağsız quru süddən 1200 dollar bahadır. Bu niyə belədir? Kərə yağına tələbat yüksək olduğundan istehsalçılar daha çox yağ istehsal edirlər və yağlı süd, yağsız südə baxanda daha az miqdarda süd tozuna çevrilir. Bundan başqa, illərlə 1 ton kərə yağının qiyməti yağsız süd tozunun qiymətindən bir az baha olardı, 200-1200 dollar arası. İndi isə kərə yağının 1 tonu quru süd tozunun 1 tonundan 4400 dollar bahadır".
847 dəfə oxundu