Ədliyyə Nazirliyinin idarə rəisi qonşuların torpağını zəbt edib - Məhkəmə çəkişməsi+Foto

Ədliyyə Nazirliyinin idarə rəisi qonşuların torpağını zəbt edib -


1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyevlə qonşuları arasında məhkəmə çəkişməsi gedir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Şərafət Məmmədovanın icraatında olan məhkəmə prosesi dövlət rəsmisinin qonşularının torpaqlarını zəbt etməsi ilə bağlıdır. Adil Əliyev 0,6 ha torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanmda Daşınmaz Əmlakm Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəməyə verib. Nazirlik rəsmini məhkəmədən qonşu torpaqlarının “kupça”sının ləğv edilməsi və həmin torpaqların onun adına keçirilməsini istəyib. Onun qonşuları Aqil Qurbanəliyev və Ceyran Məmmədova da üçüncü tərəf kimi məhkəməyə cəlb olunub. Ədliyyə Nazirliyinin yüksək rütbəli şəxsi isə onları hədələyərək öz xoşları ilə torpaqdan əl çəkmələrini, əks təqdirdə onlara qarşı ölçü götürəcəyini bildirib. Qonşular bundan sonra prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova və Baş prokuror Zakir Qaralova müraciət ediblər.

“Qafqazinfo”ya daxil olan müraciətdə qeyd edilib ki, Aqil Qurbanəliyev 3-cü yaşayış massivində yerləşən 0,12 ha torpaq sahəsini 2008-ci ildə Qədirova İlahə Firudin qızından alqı-satqı əsasından alıb. A.Qurbanəliyev sözügedən torpağa 25.07.2008-ci il tarixli və 09.12.2009-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alıb. Digər qonşu Ceyran Məmmədova isə 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsini 2004-cü ildə alıb və 11.03.2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında torpağa tam mülkiyyət hüququ vardır. Nazirliyi Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyevə məxsus 0.12 ha torpaq sahəsi də adıçəkilən şəxslərin qonşuluğundadır. A.Qurbanəliyevə məxsus torpaq sahəsi ilə A.Əliyevə məxsus torpaq sahəsinin arasında 8 metr yol ərazisi, C.Məmmədovaya məxsus torpaq sahəsi ilə isə aralarında 13 metr, yəni 8 metr məsafə yol, 5 metr dağ aşırımı var.
Ədliyyə Nazirliyinin idarə rəisi qonşuların torpağını zəbt edib -

Müraciətdə qeyd edilir ki, Əliyev Adil Şirməmməd oğlu 2014-cü ilin sonlarından qonşuları ilə mübahisələrə başlayıb: “O bildirdi ki, bizim torpaq sahələri ilə qonşuluqda 0.24 ha torpaq sahəsi mövcuddur və onun torpağında əksiklik var və biz öz torpağımızdan kəsərək ona torpaq verməliyik. Uzun mübahisələrdən sonra Adil Əliyev bizə torpağın mülkiyyətə verilməsi barədə iki şəhadətnamə təqdim edib. Birinci şəhadətnamə 18740, ikincisi isə 18741 nömrəsi ilə kitaba qeyd edilib. Eyni zamanda Adil Əliyev 0.12 ha torpaq sahəsinə 31.05.2006-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış aldığı halda həmin torpağa Torpaq sahəsinin planı və ölçüsünü 18.07.2014-cü il tarixdə alıb. Bu da onu göstərir ki, Adil Əliyev Dövlət Torpaq Komitəsinin ləğv olunmasından istifadə edərək eyni torpağın sənədləri ilə iki torpağa saxta şəhadətnamə düzəldib”.

Qonşular müraciətdə əlavə ediblər ki, Adil Əliyev onlara hədə-qorxu gəlib və onların hasarlarını zorla sökdürüb: “Adil Əliyevin bizə hücum çəkərək hədə qorxu gəlib torpağımızı zəbt etmək istəməsinə dəfələrlə qarşı çıxsaq da o, yüksək rütbəli məmur olduğunu, bizi məhv edəcəyini bildirdi. Bundan sonra o, A.Qurbanəliyevə məxsus hasarı sökərək onun 03 ha torpağını zorla ələ keçirib. 2015-ci ilin may ayında A.Əliyev C.Məmmədovaya məxsus torpaq sahəsi ilə onun torpaq sahəsi arasında mövcud olan (dağlıq ərazi olduğundan A.Əliyevə məxsus torpaq aşağıda yerləşir və C.Məmmədovaya məxsus torpaq 7-8 metr hündürlükdədir) və dağa bitişik tikilmiş hasarı traktor vasitəsilə söküb, dağı dağıdaraq 10 metr irəliləyib, C.Məmmədovanın atası müdaxilə etdikdə o, traktoru onun üstünə sürdürüb və polis çağırıldıqdan sonra o, hərəkətlərindən əl çəkib. Hal-hazırda da A.Əliyev öz çirkin əməllərindən əl çəkmir və bizim yolumuzu, torpağımızı zəbt edib, hasarlarımızı uçurdaraq bizə maddi ziyan vurub. Eyni zamanda yol zəbt olunduğundan torpağımıza gedə bilmirik. Əliyev Adil qurban bayramı vaxtı Məmmədov Məhərrəm İsfəndiyar oğlu ilə mübahisəli torpaq sahəsində görüşüb, ona bildirib ki, “sizin yazdığınız şikayətlərə heç kim baxmır, görün sizin başınıza məhkəmədə nə oyun açacam. Sən etdiyin şikayətlərlə mənə heçnə edə bilməyəcəksən, indi bilərsən ki, mən kiməm və mənim əlimdə nə cür səlahiyyətlər var”. Hazırda biz öz ailəmiz və özümüzdən ötrü qorxu içindəyik. Hər an bizim ailə üzvlərimizə qarşı Adil Əliyev tərəfindən təhlükə gözlənilir”.
Ədliyyə Nazirliyinin idarə rəisi qonşuların torpağını zəbt edib -

Qonşulardan prezidentdən Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisi Əliyev Adil Şirməmməd oğlunun etdiyi özbaşınalıqlara son qoyması, onun cəzalandırılması və saxtakarlıq faktı üzrə Cinayət işinin açılması barədə göstəriş verilməsini xahiş ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1622 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...