“30 min iş yerinin bağlanması ciddi məsələdir“
Milli Məclisin 2016-cı ilin dövlət büdcə layihəsi ilə bağlı keçirilən bugünkü iclasında parlamentin İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib. Modern.az xəbər verir ki, deputat komitələrdə büdcə müzakirələrinin çox yaxşı keçdiyini bildirib. Ziyad Səmədzadə deyib ki, qlobal dünya böhranı çərçivəsində dünya ölkələrində qarşıdurmalar artır, neftin qiymətinin sürətlə aşağı düşməsi neft istehsal və istehlak edən ölkələrdə problem yaradır: “Ən başlıcası neftin qiyməti 2 dəfəyədək aşağı düşüb. Bu, büdcə gəlirlərini, neftdən transferlərin azalmasına səbəb olub.
Son illərdə Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliyin ana xətti qeyri-neft sektorunun inkişafının payına düşüb. Azərbaycanın müstəqilliyinin ilk illərində qeyd edilirdi ki, ölkəmizin iqtisadiyyatı neftdən asılıdır və neftdən gələn gəlirlər azaldıqca, iqtisadiyyata mənfi təsir edəcək.
Amma bu gün qeyri-neft sektorunun inkişaf dinamikası onu deməyə imkan verir ki, qeyri-neft sektorundan gələn gəlirlər çoxalır. Büdcə gəlirlərinin azalması o demək deyil ki, Azərbaycanın gəlirləri azalıb. Qeyri-neft sektoru hesabına yeni iş yerləri açılıb, Azərbaycan öz məhsulunu istehsal edir.
Qarşıdakı dövrdə də neft-qaz kompleksi sürətlə inkişaf edəcək. Təbii ki, bizim problemlərimiz var və problemlər haqqında hökumət üzvləri və deputatlar danışacaq. Biz hədəflərimizdə Azərbaycanda yaranmış demoqrafik səviyyəyə uyğun olaraq yeni iş yerlərinin açılması vacibdir”.
Komitə sədri qeyd edib ki, Azərbaycanda 30 min iş yerinin bağlanması böyük, ciddi məsələdir: “Eyni zamanda sitemli təhslil etməliyik ki, heç bir vaxt işsizliyin səviyyəsi əldə etdiyimiz hədlərdən aşağı olmasın. Artıq bu istiqamətdə işlər gedir. Fundamental müəssisələr, yeni iş yerləri açılmalıdır. Texnoparklar yaradılıb, amma problemlər var, onların ixrac potensialı artırılmalıdır. Onlar vergilərdən azad edildi. Bu qədər azaldılmanın həddi olmalıdır və buna yenidən baxılmalıdır.
Vergi Məcəlləsində dəyişiklər ediləcək və bu real sektorun inkişafına kömək edəcək. Real sektorun inkişaf istiqmaətləri çox böyükdür. Bakıda tikiş fabriki var və 700-800 nəfər işləyir. Bu müəssisələrin filialları yaradılıb və yeni iş yerləri açılır. Toplanmış vəsaitlərin əksəriyyətini böyük layihələrin həyata keçirilməsinə səfərbər edərək, sosial proqramlar, şəffaflıq ön plana çəkilməlidir”.
Ziyad Səmədzadə kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasındakı yaranan problemlərə də toxunub: “Biz hər kiloqram məhsulun bazara çıxmasına nail olmalıyıq. Burada əngəllər var. Anbarlar lazımi qədər istifadə edilmir. Kənd təsərrüfatı məhsullarının çıxarılmasında problem qalmaqdadır”. Milli Məclis üzvü əlavə edib ki, Azərbaycanın daxili borcu təhlil edilməli və statistikası aparılmalıdır: “Bunun təhlil edilməsi özəl müəssisələr üçün də önəmlidir. Bunların da qaytarılmaması Azərbaycanın imicinə mənfi təsir edir. Bizim borcumuz hədəfdən yuxarı deyil. Daxili borclanmaya ona görə getdik ki, iqtisadiyyatımızın müstəqilliyini daha yüksək səviyyədə təmin etmişik.
Hesab edirəm ki, Azərbaycan dövlətinin 2016-ci il büdcəsi milli maraqlara cavab verir. Bu il Azərbaycan iqtisadiyyatına 18 milyard investisiya qoyulacaq. Bunun da yarısı daxili investisiya hesabına olacaq”.
1119 dəfə oxundu