Siqaret və araqları kartla satmayanları həbs gözləyir

Siqaret və araqları kartla satmayanları həbs gözləyir


Alıcılar veriləcək bu qərara birmənalı yanaşmır

Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin nağd pulla satışı qadağan ediləcək. Bu qadağa İnzibati Xətalar və Cinayət Məcəllələrinə ediləcək dəyişikliklərdə nəzərdə tutulacaq. Həmin dəyişikliklərə görə, siqaret və alkoqollu içkilərin nağd satışına görə cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunacaq.

Həmin maddəyə 229.2 hissəsi əlavə ediləcək. Həmin hissəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə cərimə nəzərdə tutulur.

Belə ki, ümumi məbləği 50 manata çatan alkoqollu içkilərin həm içmək, həm də alıb-satmaq məqsədilə satılması üçün 100 manat cərimə nəzərdə tutulub. Siqaretlərin isə pərakəndə satışı yalnız çəkmək məqsədi ilə nağd pulla almaq mümkün olacaq. Əgər siqaret sonradan satılmaq məqsədi ilə satılırsa, onun pulu yalnız kartla və ya bank köçürməsi ilə ödənilməlidir. Əks halda 100 manat cərimə nəzərdə tutulur. Hətta kartsız satışa görə 2 illik həbs cəzası da gözlənilir. Amma bu hələ yüngül cəzadır. Paralel olaraq Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə görə, nağd yolla alınıb satılan aksiz markalı mallar xeyli miqdardadırsa, yəni onların məbləği 50-500 manat arasındadırsa, min manatdan iki min manatadək cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər 500 manatdan artıq məbləğdə alkoqollu içki və ya siqaret alınıb-satılarsa, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən dəyişikliklər araq və digər spirtli içkilərlə yanaşı, pivə satışına da aiddir. Yəni bundan sonra pivə satışı da yalnız plastik kartla və bank ödənişləri ilə həyata keçiriləcək. Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra nəinki mağazadan, hətta restoranda araq almaq istəyənlər də onun pulunu kartla ödəməli olacaqlar. Belə ki, restoranda yeməklərin pulunun nağd ödənilməsinə icazə olsa da, araq və ya digər alkoqollu içkilər sifariş edərkən onun pulu yalnız kartla ödənilməlidir. Alkoqollu içkilərin və siqaretlərin satışında tətbiq olunacaq yenilik başqa bir dəyişikliyə də səbəb olacaq. Belə ki, bunların satışı üçün plastik kart tələb olunduğuna görə, bu məhsulların satış nöqtələrinin hamısında pos-terminallar quraşdırılmalıdır. Əks halda bu obyektlərdə alkoqollu içki və tütün məmulatlarının satışı ümumiyyətlə, mümkün olmayacaq.

Nəzərdə tutulacaq bu dəyişikliklərə alıcıların və satıcıların fikrini öyrənmək üçün bir neçə marketə baş çəkdik. Satıcıların əksəriyyəti bu məlumatlardan xəbərsiz idilər. Ancaq qanun nə tələb edirsə, onu da edəcəklərini, yəni kart tələb edilirsə, kartla da satacaqlarını deyirdilər. Alıcılar isə bu fikri birmənalı qarşılamadı. Alıcı Səməd Rəhimov bu qərarın yersiz olacağını dedi: “Mən siqaret çəkənəm. kartım da yoxdur. Belə çıxır ki, hər dəfə siqaret alanda ondan bundan kart dilənəcəm? Yatıb yuxuda nə görürlərsə onu da tətbiq edirlər. belə olmaz”.
Digər alıcı Ruslan Əliyev isə bu haqda məlumatlı olduğunu dedi: “Məncə o qərar bizə aid deyil. Alıb başqa yerdə satmaq istəyənlərə aiddir. biz gün ərzində bir iki paket siqaret alırıq. Bunu da səhv etmirəmsə nağd pulla almaq olacaq. Amma restoranlarda yeməkləri nağd spirtli içkinin pulunu isə kartla ödəmək fikri gülməlidir. Şəxsən mənim kartım yoxdur. O zaman heç kim araq sifariş etməyəcək. bu da onların biznesinə zərər verəcək bizə yox”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bunun çox zəruri bir tədbir olduğunu dedi: “Bunun çox zəruri bir tədbir olduğunu düşünürəm. Siqaret və spirtli içki istehlakçılarını azaltmaq üçün, yetkinlik yaşına çatmayanların bunun almasının qarşısını almaq üçün çox zəruri bir tədbirdir. Bu ona görə zəruridir ki, Azərbaycan tütün əleyhinə Dünya Səhiyyə Təşkilatının Tütün Əleyhinə Çərçivə Konvensiyasına qoşulub. Tütün və tütün məmulatı haqqında qanun qəbul olunub. Həmin qanunun tələblərində çoxsaylı məhdudiyyətlər var. Buna baxmayaraq uzun müddətdir ki, ölkədə siqaretin tək-tək satışı həyata keçirilir. Təhsil, tibb müəssisələri yaxınlığında satışı həyata keçirilir. Kim gəldi ona siqaret satılır. Azərbaycan dünyanın az ölkələrindən biridir ki, supermarketlərə girəndə ilk olaraq müştərini siqaret stendi, reklamı qarşılayır. Azad İstehlakçılar Birliyi İqtisadiyyat Nazirliyi ilə iş aparır ki, bunu məhdudlaşdıraq. Ən azından Rusiyadakı kimi vəziyyətə gətirək. Rusiyada siqaret stendlərinin üstü örtülü olur. 18 yaşından aşağı şəxslərə satışının qadağası görünsün. Həmçinin Rusiyada siqaret saatla satılır. Bizdə də bunu tətbiq etmək olar ki, hansı saatdan sonra siqaret satmaq olar hansı saatdan sonra satmaq olmaz. Azad İstehlakçılar Birliyi Azərbaycanda da buna nail olmaq istəyir. Səhiyyə Nazirliyi də bu işdə bizə dəstək verir. Bu tədbirlər həyata keçirirlərsə, qəzet köşklərində siqaretlərin kütləvi şəkildə satışının qarşısı alına bilər. Yeniyetmələrin siqaretin əlçatanlığı məhdudlaşdırıla bilər”.

Qurum sədri yeni qəbul edilmiş qanuna görə kartı olmayan istehlakçılar üçün siqaret və spirtli içki alışında müəyyən problem yaratsa da kartı olanlara pul verməklə bu problemi özləri həll edəcəklər: “Azərbaycan istehlakçıları Avropa istehlakçıları deyil ki, kiməsə kartına görə nağd pul verəsən oda ondan imtina etsin. Kartı olmayan alıcılar kartı olanlara pul verməklə istədikləri siqareti və spirtli içkini alacaqdır. Ancaq bu zəruri bir tədbirdir. Lakin düşünürəm ki, Nərimanov rayonu ərazisində, vağzal ərazisində əksər hallarda aksiz markası olmayan qaçaqmal siqaretlərin qarşısını hökumət ala bilməyəcək. Çünki bunun çox böyük himayəçisi var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1130 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...