Məscidlərdə dini bayraqlar qadağan ediləcək
“Biz növbəti il üçün təkliflərlə çıxış edirik ki, məscidlərdə hər hansı dini bayraqlardan istifadəni məqbul saymırıq”. Bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günlərində bəzi qüvvələrin insanların dini inancından sui-istifadə etməsinə münasibət bildirərkən deyib.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və dövlət bayrağı ilə bağlı qanunu var: “Eyni zamanda növbəti mərhələlərdə din xadimləri ilə birlikdə təkliflə çıxış edəcəyik ki, hər hansı dini mərasimləri küçələrdə etmək yol verilən deyil. Dini mərasimlər məsciddə və məscidin həyətində olmalıdır. Necə ki, digər dinlərdə dini mərasim kilsədə və sinaqoqda olur, bizdə də məsciddə olmalıdır. Yəni hər hansı yürüş keçirmək istəyənlər və digər iddialarla çıxış edənlər bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarından icazə almalıdırlar. “Sərbəst toplaşmaq haqqında” qanun var və bu qanun “Dini etiqad azadlığı haqqında” qanuna ziddiyyət təşkil eləmir”.
M.Qurbanlı son Aşura günündə Gəncədə baş verənlərə də toxunub: “Bununla bağlı araşdırma aparmışıq. Müəyyən qruplar var ki, din adı altında pərdələnərək, öz məqsədlərini həyata keçirmək istəyir. Bunlarla bağlı müəyyən profilaktik tədbirlər görülüb və görüləcək. Onların heç bir sosial dayağı da yoxdur. Sadəcə, insanların həmin gün dini inancından istifadəyə cəhd ediblər ki, bu da yolverilməzdir”.
985 dəfə oxundu