“Dekabrda 1 dollar 1.50-yə kimi bahalaşacaq...”
“Dekabr ayında 1 dollar 1.40-1.50 manata kimi bahalaşacaq”.
GUNDEMINFO.AZ xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, dolların dünya bazarlarında bahalaşmasının əsas səbəbi Federal Ehtiyat Fondunun uçot dərəcələrinin artırılma ehtimalıdan irəli gəlir: “Əvvəlki dövrlərdə, xüsusi ilə sentyabr toplantısından sonra dünya bazarlarında, o cümlədən maliyyə mərkəzlərində belə bir fikir formalaşdı ki, Federal Ehtiyat Fondu böyük ehtimalla 2015-ci ildə uçot dərəcəsini artırmayacaq. Bunun qarşılığında dolların sürətli ücuzlaşması müşahidə edildi. Bu proses oktyabr ayına kimi davam etdi.
Noyabrın əvvəlində isə ABŞ iqtisadiyyatı ilə bağlı açıqlamalar göstərdi ki, bir çox sahələrdə artımlar müşahidə olunub. Federal Ehtiyat Fondunun açıqlamasından da məlum oldu ki, əgər proseslər bu istiqamətdə davam edərsə, dekabr toplantısında böyük ehtimalla uçot dərəcələrinin artırılması ilə bağlı qərar verilə bilər”.
Ekspertin sözlərinə görə, Federal Ehtiyat Fondu artıq 2014-cü ilin sonundan açıqlama verib ki, 2015-ci ilə uçot dərəcəsini artıracaq: “Enerji bazarında və dünya iqtisadiyyatında baş verənlərin fonunda Ehtiyat Fondu bu qərarı qəbul etməkdə çətinlik çəkirdi. Bundan 10 ay keçməsinə baxmayaraq, hələ bu qərar qəbul edilməyib. Federal Ehtiyat Fondu öz siyası nüfuzunu qorumaq üçün mütləqdir ki, uçot dərəcələrinin artılması haqqında qərar versin.
Ümumiyyətlə, bu kimi təhlillərin fonunda hazırki investorlar gözləyir ki, dekabrda uçot dərəcələrinin artırılması haqda qərar veriləcək və dollar sürətlə bahalaşacaq. Bunun nəticəsində bu gün dollara olan təlabat sürətlə artıb”.
R.Həsənov hesab edir ki, bütün bunlar təbii ki, Azərbaycana da öz təsirini göstərir: “Dekabrın 18-nə kimi dolların qalxması daha böyük sürətlə davam edəcək. Ondan sonra Federal Ehtiyat Fondunun qərarından asılı olaraq, ola bilsin ki, Mərkəzi Bank addımlar atmaq məcburiyyətində qalsın. Fond uçot dərəcəsini artıracaqsa bir çox maliyyə qurumları, o cümlədən dolların bahalaşması davam edə bilər. Bu, Azərbaycan üçün təhlükə formalaşdıracaq”.
Ekspertin fikrincə, neftin qiymətində də bahalaşma müşahidə edilməzsə, o zaman böyük ehtimalla Mərkəzi Bank 2016-cı ilin əvvəlində sərt qərarlar qəbul etməyə, yaxud da 2015-ci ilin fevral ayında baş verən devalvasiyaya bənzər bir prosesin olacağı ilə bağlı qərar verə bilər: “Manatın məzənnə siyasəti tətbiq olunarsa bu zaman ilkin dövrlərdə 1 dollar 1.40, 1 50-yə kimi bahalaşacaq. Sonrakı dövrlərdə isə 1.35 arasında stabilləşə bilər”.
1163 dəfə oxundu