Həmid Herisçi-AzTV qalmaqalı böyüyür - Qarşılıqlı kəskin ittihamlar

Həmid Herisçi-AzTV qalmaqalı böyüyür - Qarşılıqlı kəskin ittihamlar
Məlum olduğu kimi, Həmid Herisçi və həyat yoldaşı tanınmış jurnalist İlhamiyyə Rzanın AzTV-dəki layihələri dayandırılıb. Və bu narazılığa səbəb olub. Məsələ ilə bağlı H.Herisçi geniş məqalə yazaraq AzTV rəhbərliyini tənqid etmişdi. Bu günlərdə isə onun ittihamlarına kanal funksionerlərindən biri cavab yazıb. Bakupost.az həmin cavabı və yeni zamanda H.Herisçinin bu cavaba cavab yazısını təqdim edir:

"Hörmətli Həmid müəllim, öncə onu xatırladaq ki, siz 2 ilə yaxındır həyat yoldaşınız İlhamiyyə Rza ilə bərabər AzTV-də çalışmısınız və bu kanalda çalışmaq məhz sizin xahişiniz və AzTV rəhbərliyinin razılığı ilə baş tutdu. Bu müddət ərzində də məhz rəhbərliyin təklifi ilə "Gec də olsa", "Qızıl fond" kimi verilişlərdə aparıcılıq, müəlliflik etmisiniz. Təbii ki, yaradıcılıq proseslərində narazılıq, fikir ayrılığı olur və bu üzdən həmin verilişlərdə sizin dediyiniz faktlarda, apardığınız təhlillərdə, gətirdiyiniz mülahizələrdə müəyyən uyğunsuzluqlara, təhriflərə də rast gəlinərkən, TV-nin efirə nəzarət şöbəsi dərhal müdaxilə edir, həmin faktın düzəlməsi üçün müəyyən təklif və tapşırıqlar verirdi. Bu, sizin xoşunuza gəlməyə bilər. Lakin AzTV özəl kanal deyil, dövlət kanalıdır və bu kanalın efirində deyilən hər hansı fikir və təhlil razılaşın ki, daha məsuliyyətlidir, daha ciddi nəzarət tələb edir. İkincisi, "Qızıl fond" verilişini bağlamaq haqqında qərarı da məhz siz vermisiniz. Baxmayaraq ki, rəhbərlik sizinlə görüşüb yaranmış fikir ayrılıqlarını aradan qaıdırmaq üçün müraciət etmişdi. Və bu görüşdə efirdə işlədilməsi məqbul sayılmayan, etiraf edək ki, bir çox halda məsuliyyətsiz təsir bağışlayan, hətta xalqı təhqir edə bilən məqamları işlətməmək, onların efir siyasətinə uyğun olmadığını başa salmaq istəyirdik (Məsələn, efirə getməyən və TV-nin efirə nəzarət şöbəsindən keçməyən verilişlərdən birində Həmid Herisçi bildirir ki: "Sovet İttifaqı olmasaydı Azərbaycan xalqı Nizami Gəncəvini tanımayacaqdı". Bu, yalnız bir faktdır və belə faktlar, Həmid müəllimin təbirincə desək, "belə kötüklər" onlarla, yüzlərlədir). Lakin, Həmid müəllim görüşə gəlmir və nümayişkəranə şəkildə verilişi aparmaqdan imtina edir. Həmid müəllim, siz özünüzü peşəkar hesab edə bilərsiniz və bizim buna hər hansı şübhəmiz yoxdur, amma efir siyasəti, ideoloji iş və təbliğat işinin düzgün, peşəkar, ən əsası faktoloji baxımdan əsaslı qurulması bizim üçün istənilən şəxsdən və peşəkardan daha üstündür. Bizim məqsədimiz savadımız və intellektual imkanlarımızdan yararlanıb özümüzü təbliğ etmək deyil, xalqımızı, dövlətimizi təbliğ etmək və Prezidentimizin yürütdüyü siyasəti düzgün, sistemli, konkret fakt və arqumentlərə əsaslanıb ictimaiyyətə çatdırmaqdır. Nəhayət, üçüncü, narahat olmayın, AzTV QSC-nin Qızıl fondu incələnməkdə, rəqəmsallaşmaqda davam edir və fondda sizin dediyiniz tarixi kadrlardan da əlavə maraqlı görüntülər var. Üstəlik, yeni mövsümdə "Qızıl fond" fəaliyyətini daha peşəkar, daha səliqəli, daha uğurlu şəkildə davam etdirəcək. Çünki bu missiyanı bizim qarşımıza siz deyil, dövlətimiz və xalqımız qoyub. Odur ki, Həmid Herisçiyə gələcək fəaliyyətində uğurlar arzulayır, yeni "Qızıl fond" verilişində görüşənədək deyirik".



Həmid Herisçinin cavabı: "AzTV-dəki “Qızıl fond” verilişimlə Rufat Seyidov imzasıyla ünvanıma səslənən ittihamları hələlik qısaca belə cavablanıdrardım. Statusda deyilir: “Məsələn, efirə getməyən və TV-nin efirə nəzarət şöbəsindən keçməyən verilişlərdən birində Həmid Herisçi bildirir ki: "Sovet İttifaqı olmasaydı Azərbaycan xalqı Nizami Gəncəvini tanımayacaqdı".

Əvvəla, siz deyəsən, efirdən, mövzudan, yaradıcılığımızdan, hətta AZ.TV efirindən də xəbərsizsiz. İşarələn veriliş cari ilin 13 may tarixində efirə gedib.(https://m.youtube.com/watch?si=em0p3yNC_9hH8NTb...).

Yəni Sizin verilişi görmədən iradlar səsləndirməyiniz qəbuledilməzdi. Bütün sonrakı iradlarınız üzərinə də qara kölgə salır.

İkincisi, verilişdə Tehranın, fars millətçilərinin “Zəngəzur qapısı” mövzusu darma-dağın edilib. Məhz Nizami, Xaqaninin dilindən öz cavablarını alıblar. Niyyətləri, qara əməlləri elmi kəşf səviyyəsində ifşa edilib. Filmdən nümunə gətirirəm: "Zəngəzur dəhlizi"nin, bu Turan yolunun, -diqqət, diqqət, - tarixdəki ulu babası indiki Dərbənd qalasıdır.

Sasani hökmdarı Nuşirəvan, 530-cu ildə bu qalanı inşa etdi.

Turan yolunu, öz aləmində, guya birdəfəlik qapadı.

Musa Kalanqatlının məşhur "Alban tarixi"ndə bu tikintinin ağır yükü, tikintisi, xalqa dəyən ziyanı, gözəl təsvir edilsə də...

Bəli, gözəl təsvir edilsə də, mövzunun tam acı mənzərəsi, bədii həlli, bu əsərdə yox...

Dahi Nizaminin ölməz "Nuşirəvan və bayquşlar" hekayətindədir.

Əsəri bir də, bu dəfə, bədii qiraət nümunəsi kimi yox, müasir Güney Qafqaz coğrafiyasının acı siyasi, iqtisadi mənzərəsi kimi dinləyin.

Nuşirəvanın müasir davamçıları-Koçaryanlar, Sarkisyanlar, üstəgəl, Abdullahiyan, Cavad Zərif kimi "aryanaçılar"ı, bu qapını, növbəti dəfə elə yaşadığımız zaman kəsiyində qapadılar.

Nəticədə, Güney Qafqaz coğrafiyası yenidən iqtisadi tənəzzülə uğradı.

Bayquş yuvasına döndü.

İndiki Qarabağ xarabalıqlarını, bəli, ulu Nizamimiz, hələ 12-ci əsrdə öncədən görüb sanki.

Müasir dövrümüzlə tam səsləşən bax bu "Nuşirəvan və bayquşlar" əsərini yazıb.

Günümüzə mesaj göndərib sanki.

Bu antituran məzmunlu Dərbənd qalası, qapısının ömrü qısa olur.

Eramızın 626-cı ildə ulu babalarımız xəzərlər, uzun mühasirədən, müharibədən sonra, qalanı fəth edib, Turan qapısın nəhayət ki, açırlar.

6 ildən sonra, Peyğəmbərimizin əshabları, Cənubdan nöbəti zərbə ilə, Nuşirəvanın Sasani dövlətini, yallah deyib də, cəhənnəmə, tarixə qovuşdururlar.

Qafqaz xarabalıqlarını, Mədain xarabalıqları ilə əvəzləyirlər.

Mədain isə, bilin, o vaxtkı Sasani xənadanının parlaq paytaxtı idi.

Bir anda döndü tarixin növbəti xarabasına.

Həmin bu xarabalıqların vəsfini də, növbəti Azərbaycan şairi Xaqani Şirvani öz boynuna götürür.

Ölməz "Mədain xarabalıqları" əsəri ilə böyük bir tarixi dövrə, mövzuya nöqtə qoyur.

Bax budu Xaqani ilə Nizaminin birgə əməyi...ölməz qələmi. Azərbaycanın qüdrəti.

Hər iki şairimizin ruhu qarşısında burda baş əyir, müasir Nuşirəvanlara bu şairlərdən dərs götürməyi tövsiyyə edirəm.

Əsəri bir də, bir başqa qulağınızla dinləyin.

Qoy bölgəmizdə, Qarabağımızda bir daha bayquşlar ulamasın”.

Rüfət bəy! “Zəngəzur qapısı” mövzusunda, biz düşməni-yəni fars şovinistlərini bax bu cür, elmi-nəzəri, yüksək təfəkkür nümunəsi ilə susdurmuşuq. Nizami ilə Xaqaninin adından mövzunu qapamışıq. Sözün əsl mənasında xətm edib, məcazi mənada o qapını açmışıq. Özü də Nizami şerinin köməyi ilə.

Yadda saxlayan- iki klsssik şairin bir mövzu ətrafında dialoqunu aşkarlamaq çox ciddi kəşfdi. Elmimizə, AzTV-yə başucalığı gətirən işdi. Hadisədir.

Niyə bunu görməyirsiz?

Nizaminin Stalin dövründəki yubileyi isə tarixi faktdı. AzTV-dəki 1938-48-ci illərə aid bütün xronika da Stalin dövrü mirasıdır. Tarixi saxtalaşdırmayaq.

Stalinin mövzu ətrafındakı mövqeyini də, tarixi sənədlərlıə ilk dəfə biz sərgiləmişik. Filmdə deyilir: “3 aprel 1939-cu ildə “Pravda” qəzetində Ukrayna yazarı Mikola Bajanın çox maraqlı bir məqaləsi çap edilib. Məqalədə Mikola Bajan özünün Stalinlə son görüşlərindən bəhs edirdi:

“Yoldaş Stalin bizə bir xeyli Azərbaycan şairi Nizami Gəncəvi barəsində danışdı. Əsərlərindən parçalar oxudu. Dedi: ”Şairin farsca yazmağı heç də onun milli mənsubiyyətindən danışmır. Nizami özü, yuxarıda sizə oxuduğum şeir parçasından göründüyü kimi, şahların əmri ilə farsca yazmağa məhkumdu. Ona öz xalqına doğma dilində müraciət etməyi qadağan etmişdilər".

Beləliklə, Nizaminin farsca yazmağına rəğmən məhz Azərbaycan şairi olmağı fikri İosif Stalinə - Bakıda vaxtilə yoldaş Koba adıyla tanınan tarixi şəxsiyyətə məxsusdu.

“Pravda” qəzeti bir müddət öz iti barmaqlarını bu mövzunun nəbzi üzərində saxlayaraq 16 aprel tarixində yenidən həmin mövzuya qayıdır. Azərbaycan yazarları - Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin yoldaş Kobaya yazdığı mövzuyla əlaqədar şanlı mənsur məktubu çap edir öz səhifələrində. Bu cavab məktubunda şairlərimiz dahi Nizamini Azərbaycana qaytardığına görə “xalqlar atası”na dərin təşəkkür hissini nümayiş etdirirdilər.

Beləliklə, Nizami mövzusu 30-cu illərin sonunda məhz Kremldə bizim xeyrimizə öz müsbət həllini tapıb. Belə təşəbbüslərində Stalin adətən bircə məqalə, yaxud şeir oxumaqla kifayətlənməz, mövzunu daha geniş, imperiya tələbləri, meyarları çərçivəsində həll edərmiş. Nələr olmazdı bu cür Stalin fərmanlarının tərkibində - Nizami adına küçə, Nizaminin Bakıda möhtəşəm tunc heykəlinin açılışı, yubiley tədbirləri, tərcümələr, əsərlərinin tam külliyyatı və s. və ilaxır. Bir də...

Bir də Nizaminin qəbrinin açılması... Kəllə sümüyünün xüsusi qatarla Moskvaya, məşhur antropoloq Mixail Gerasimova göndərilməsi… Gəlin o qədim hadisələrin dağınıq süjetini indi belə bərpa edək: “1938-ci ildə Nizaminin kəllə sümüyü məşhur antropoloq Mixail Gerasimova göndərilir. Gerasimov bu kəllə üzərində işləyib dahi Nizaminin sifətini bərpa etməliydi. Nizaminin 1941-ci ildə keçiriləcək yubiley tədbirlərinədək Gerasimov Satalinin bu yüksək tapşırığını yerinə yetirməliymiş”.

Gördüyünüz kimi, biz bu filmdə ilkin tarixi sənədləri bittə-bittə incələmişik. “Qızıl fond” verilişndə ənənəvi bayağı, təkrarçı klişelər yolverilməz idi.

Mövzuya ancaq peşəkarlar müdaxilə edə bilər.

O ki qaldı digər guya, çoxsaylı səhvlərimə… səmimi olaq, nümunələriniz solğundu. Öz gözündə çöpü görməyən, başqasının gözündə tir axtarmamalıdır. Xidmətlərimiz, danılmazdı.

Mövzunu davam etdirmək istəsəz, mən, efirdəki daha ciddi nöqsanları barmaqlarımı bükərək, sadalayaram.

Nöqsanlara bu qədər canyandıransızsa, niyə bax o səhvləri efirdə görməyirsiz. Mən o”tir”ləri sizə göstərə bilərəm. AzTV-də səhv axtarmağınız normaldır. Ancaq məndən başlamağınız sifarişlidir. Yarımçıq sitatlarla tamaşaçını, ictimaiyyəti çaşdırmayın.

Ən ciddi nöqsan, bizim Bolqarıstana, De Qolla, Azərbaycan əkskəşfiyyaının ilk addımlarına həsr etdiyimiz filmlərdəki tapıntıları görməməyinizdi. İnanıram ki, siz bizim “Qızıl fond” loqolu verilişlərin heç birinə baxmayıbsız.

Baxsaydız, bizlə senzor gözüylə, diliylə danışmağa qalxmazdız.

Hələlik bu qədər.

Mövzunu davam etdirəcəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...