“I Avropa Oyunları Azərbaycanın imicinə müsbət təsir göstərəcək” - “Nezavisimaya qazeta”

“I Avropa Oyunları Azərbaycanın imicinə müsbət təsir göstərəcək”

Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşrində Azərbaycanın iqtisadi göstəriciləri və inkişaf potensialı ilə bağlı geniş məqalə dərc olunub. APA-nın məlumatına görə, məqalədə bildirilir ki, iyunun 12-28-də Birinci Avropa Oyunlarını qəbul edəcək Azərbaycan sürətlə inkişaf etmiş iqtisadiyyata malik dövlətə çevrilir və artıq dünyanın siyasi və iqtisadi xəritəsində özünə möhkəm yer edib:

“Hazırda respublikanın çox etibarlı təhlükəsizlik yastığı – karbohidrogen ehtiyatları var. Burada nefti sənaye üsulu ilə hələ 1847-ci ildən çıxarmağa başlayıblar ki, bu da hətta ABŞ-ı qabaqlamaq deməkdir. Azərbaycan hakimiyyəti təbii ehtiyatlardan əldə olunan vəsaitləri infrastruktur layihələrinə və iqtisadiyyatın qeyri-neft sektoruna yönəltməyə üstünlük verir”.

Qəzetə açıqlama verən Azərbaycan Dövlət Neft Şirkəti vitse – prezidentinin müavini Vitali Bəylərbəyov son 10 ili Azərbaycanda neft-qaz sənayesinin çiçəklənmə dövrü kimi xarakterizə edib: “Bu gün dünyadakı neft hasilatında Azərbaycanın payı o qədər də böyük deyil, 1 faizdən bir qədər artıqdır. Ancaq bu gün bizim neftimiz Cənub-Şərqi Asiya, Avropa, Cənubi və Şimali Amerikada 30-dan artıq ölkəyə nəql olunur. Qaz hasilatının artması fonunda “Cənub Qaz Dəhlizinin” yaradılması ciddi uğurumuzdur”.

Azərbaycanın energetika naziri Natiq Əliyevə istinad edən məqalə müəllifi yazır ki, Azərbaycan illik neft hasilatını 40-45 milyon ton səviyyəsində saxlamaq niyyətindədir. Nazir həmçinin qeyd edib ki, Azərbaycanda ötən il 29 milyard kubmetr qaz hasil edilib: “Azərbaycanın qaz potensialı daha yüksək olduğundan bir neçə il ərzində bu göstəricini iki dəfə artırmağa çalışacağıq. 2035-ci ilədək Avropaya enerji daşıyıcılarının ixrac həcminin kifayət qədər yüksələcəyi proqnozlaşdırılır. Alternativ enerji bu tələbatı ödəmək iqtidarında deyil. Buna görə də Azərbaycan Avropa üçün böyük önəm kəsb edir. Bu barədə beynəlxalq konfrans və tədbirlərdə tet-tez danışılır. Xüsusilə son illər tez-tez qeyd olunur ki, Avropa və ABŞ Azərbaycanda həyata keçirilən bütün layihələri birmənalı olaraq dəstəkləyir. Çünki ölkəmiz enerji daşıyıcılarının dünya bazarlarına çatdırılmasında həm mənbə, həm də Avropa ölkələri üçün yeni marşrut kimi görünür”.


Məqalədə neft emalı zavodlarının modernləşdirilməsi məsələlərinə də yer ayrılıb. V. Bəylərbəyova istinad edən məqalə müəllifi yazır ki, artıq Heydər Əliyev adına neft emalı zavodunun tam modernləşdirilməsinə start verilib. SOCAR rəsmisi eyni zamanda yeni neft-qaz və neft-kimya kompleksinin layihələndirilməsi işlərinə başlanıldığını deyib: “Bu kompleks Bakının cənubunda inşa olunacaq və bu gün fəaliyyət göstərən iki neft və bir qaz emalı zavodunu əvəz edəcək”. Dövlət Neft Şirkətinin rəsmisi 10-15 milyard dollarlıq nəhəng layihənin mərhələlərlə 2020 – 2030-cu illərdə istifadəyə veriləcəyini söyləyib.

Məqalədə hamının yalnız neft – qaz ehtiyatlarına bel bağlamaq böyük ambisiyalı, inkişaf etmiş dövlət üçün elə də uzaqgörən siyasət olmadığını başa düşdüyü qeyd olunur. Azərbaycanda İnvestisiyalar və İxracın Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov qəzetə açıqlamasında bildirib ki, bu gün respublikanın qarşısında duran əsas vəzifələrdən biri iqtisadiyyatı diversifikasiya etməkdir: “İqtisadiyyatın diversifikasiyası ilə biz artıq 10 ildir məşğul oluruq. Hiss etdik ki, iqtisadiyyatın digər sahələrinə də diqqət ayırmaq lazımdır. Çünki, neft-qaz sektorunun dominantlığı iqtisadi təhlükəsizliyimizi təhdid edirdi. Bu baxımdan digər sahələrdə də sərfəli biznes mühit yaratmağa çalışırıq və bu sahələrə böyük investisiyalar ayırırıq. 2015-ci ilin əvvəlindən artıq Azərbaycan iqtisadiyyatının 60 faizi qeyri-neft sektorunun hesabına formalaşır”.

Məqalə müəllifi yazır ki, Azərbaycan bu tendensiyanı davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, “Azərbaycan – 2020: Gələcəyə baxış” Dövlət Proqramı 5 il sonra qeyri-neft sektorundan gəlirləri 80 faizə çatdırmağı nəzərdə tutur: “Hazırda Azərbaycanda yüksək gəlirli sahələr, məsələn informasiya texnologiyaları, kosmik sənaye prioritet hesab olunur. 2012–ci ildən orbitə iki Azərbaycan peyki buraxılıb. İqtisadi inkişafın hərəkətverici qüvvələri sənəye və yüksək texnologiyalar parklarıdır. O parklarda fəaliyyət göstərən şirkətlər 7 illiyə bütün vergilərdən azad olunur. Parklar biznes layihələrə start verilməsi üçün bütün zəruri kommunikasiyalarla təchiz olunur ki, bu da investorların infrastrukturun yaradılması ilə bağlı xərclərini azaldır”.

Müəllif onu da qeyd edir ki, əgər 2003-cü ildə qeyri-neft sektoruna 300 milyon dollar investisiya qoyulmuşdursa, 2014-cü ildə bu göstərici 5 milyard dollara çatıb: “Ümumiyyətlə 1995-ci ildən Azərbaycan iqtisadiyyatına 200 milyard dollar həcmində investisiya qoyulub ki, onun da 52 faizi yerli, 48 faizi isə xarici investisiyaların payına düşür. Azərbaycana sərmayə qoyan əsas investorlar Böyük Britaniya, Türkiyə, ABŞ, Yaponiya, Hollandiya və Rusiyadır. Bu gün ölkədə 599 şirkət Rusiya kapitalı ilə çalışır. İnvestisiyanın ümumi həcmi 1,8 milyard dollardır. Bu vəsaitlərin 64 faizi qeyri-neft sektorunun – kənd təsərrüfatı, qida və emal sənayesi, turizm, informasiya texnologiyaları, kimya və neft – kimya sahələrinin payına düşür. Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətə davamlılığına görə dünyada 38-ci yeri tutur”.

Müəllifin fikrincə, Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ölkənin mədəniyyəti, zəngin multikulturalizm ənənələri və turizm imkanlarının təbliği ilə yanaşı Azərbaycanın imicinə də müsbət təsir göstərəcək ki, bu da yeni biznes imkanları deməkdir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
386 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...