“Paşanın səsini hər gün dinlətdim” - Ordu generalının yavəri:

Türkiyədə mətbuat durmadan 15 iyul baş tutmayan hərbi çevrilişə görə həbs edilənlərin prokurorlar verdikləri ifadələri yayır. Virtualaz.org xəbər verir ki, ifadəsi yayılanlardan biri də Silahlı Qüvvələrin Baş qərargahının rəisi, ordu generalı Hulusi Akarın yavəri, polkovnik-leytenant Levent Türkkandır. Onun ifadəsinin tam mətini “Hürriyet” qəzeti yayıb.
Qəzetin yazdığına görə Türkkan ifadəsində “Paralel yapı üzvü və Fətullah Gülən tərəfdarı olduğunu” etiraf edib. O, hərbi çevriliş cəhdindən sonra üzvü olduğu təriqətə münasibətinin dəyişdiyini deyib. Təriqət üzvlərini “canilər” adlandırıb. “Fətullah Güləni heç vaxt yaxından görməmişəm, ancaq bu dediklərim onun üçün də keçərlidir”-generalın yavəri deyib.
Levent Türkkanın dediyinə görə təriqət onu Bursada litseydə oxuyarkən “ovlayıb”. Gülən camaatının mənsubları olan iki şəxs litseyə gedib-gəlirmiş və yaxşı oxuyan, perspektivli tələbə sayılan Levent Türkkanla münasibətlər qurublar. Onu tədricən öz tərəflərinə çəkiblər, namaz qılmağı öyrədiblər. Zabit olmağı xəyal etdiyində məmnun olublar və Levent Türkkan 1989-cu ildə İşıklar Hərbi Litseyinə imtahan verəndə fətullahçı “abilər” imtahana bir gün qalmış sualları və düzgün cavabları ona çatdırıblar. “Onsuz da yaxşı oxuyurdum və imtahanı qazanacağıma əmin idim. Buna baxmayaraq onlar sualları və düzgün cavabları gecə gətirib verdilər, əzbərlədim, gedib imtahanı verdim”-fətullahçı zabit danışıb.
Levent Türkkan deyib ki, “abilər” hərbi litseydə deşifrə olmamaq üçün ona namazı ürəyində qılmağı, tualetdə dəstəmaz almağı öyrədiblər. Türkkan hərbi litseyi bitirdikdən sonra quru qoşunlarının Ali Hərbi Məktəbinə imtahansız daxil olub. Oranı bitirdikdən sonra orduda müxtəlif yerlərdə zabit kimi xidmət edib. Dediyinə görə 2011-ci ildə hazırda istefada olan bir polkovnik onu silahlı qüvvələrin o vaxtkı Baş qərargah rəisi Necdet Özelin yavərinin müavini vəzifəsinə təqdim edib. Beləliklə, Türkkan 2011-2015-ci illərdə Necdet Özelin yavərinin müavini olub. Yavər pensiyaya çıxanda Türkkan onun yerini tutub. Daha sonra indiki Baş qərargah rəisi Hulusi Akarın yavəri olub.
Türkkan ifadəsində deyib ki, “abilərin” tapşırığı əsasında Necdet Özəlin səsini gizlicə yazıb, onun kabinetinə səhər dinləmə cihazı yerləşdirib, axşam çıxarıb. Bu cihazın 10-15 saatlıq yaddaşı olub və Türkkanın dediyinə görə cihazlar dolandan sonra onları hər həftə sonu “abilərə” çatdırırmış. Vaxtaşırı olaraq generalın kabinetində dinləmə cihazı ehtimalına qarşı axtarış aparılırmış və həmin günlərdə yavərin bundan xəbəri olduğundan cihazı yerləşdirmirmiş.
Türkkan Baş qərargah rəisinin müavinlərinin yavərlərinin də fətullahçı olduqlarını bildirib, onların adlarını bildirib. Deyib ki, “camaat” silahlı qüvvələrdə nə baş verdiyini öyrənmək üçün müntəzəm olaraq generalları dinlədirdi.
260 dəfə oxundu