“Qaz İxrac” İdarəsində işçilərin əmək hüquqları pozulur

“Qaz İxrac” İdarəsində işçilərin əmək hüquqları pozulur

Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Elşən Miriyev vətəndaşı heç bir əsas olmadan işdən kənarlaşdırıb

İdarə rəhbəri Qağaməli Seyfullayev bu kimi hallara niyə göz yumur?

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Qaz İxrac” İdarəsinin rəisi Qağaməli Seyfullayevlə bağlı indiyə kimi mətbuat səhifələrində dəfələrlə müxtəlif səpkili məlumatlar dərc olunub. Tənqid hədəfinə tuş gələn idarə rəisinin işinin öhdəsindən uğurla gələ bilməməsi kollektivin əksər üzvləri tərəfindən etirazla qarşılanıb. İdarənin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlər həyata keçirilsə də, yol verilən qanun pozuntuları həmin işlərin üzərindən xətt çəkir.

Məlumat üçün bildirmək istəyirik ki, “Qaz İxrac” İdarəsi əməliyyat şirkətləri, “Şahdəniz”, AÇG və ARDNŞ-ə məxsus yataqlardan hasil olunan qazın qəbulu, respublika ərazisində magistral kəmərlər vasitəsilə nəqli, Neft Şirkətinə məxsus qaz həcmlərinin daxili və xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və tədarükü coğrafiyasının genişləndirilməsini həyata keçirir. Dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Hacıqabul rayonu Məhəmmədhüseyn Şəhriyar küçəsi ev 8-də yaşayan Əhmədov Akif Vaqif oğlu “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Elşən Miriyevin özbaşına əməllərinə öz etirazını bildirdi. Şikayətçi deyir ki, 4 il öncə “Qaz İxrac” İdarəsinin Hacıqabul rayon Magistral Qaz Kəmərləri Sahəsində çilingər vəzifəsinə işə qəbul edilib: “İşlədiyim müddət ərzində heç bir nöqsana yol verməmişəm. Hər zaman nizam-intizamlı olmuşam, verilən tapşırıqları layiqli şəkildə, vaxtından əvvəl yerinə yeirmişəm, işə gecikməmişəm. Bütün bunlara baxmayaraq, idarədə hər zaman özümə qarşı haqsız münasibət görmüşəm. Bunun səbəbi ondan ibarət idi ki, mən müəssisədə mövcud olan özbaşınalıqlara səssiz qala bilmirdim və həmişə etirazımı dilə gətirirdim. Yəni haqqımı tələb edirdim. Rəhbər işçilər Elşən Miriyev, Emil Baxşıyev və Ziyadxan Cəlilov birləşərək öz vəzifələrindən sui-istifadə etməklə mənə haqsız yerə şiddətli töhmət verdilər”. Akif Əhmədov bildirdi ki, bununla razılaşmayıb “Qaz İxrac” İdarəsinin rəisi Qağaməli Seyfullayevə yazılı formada müraciət edib: “Üstündən bir ay keçməmiş məni işdən çıxartdılar. Səbəb kimi əmək müqaviləsinin müddətinin başa çatmasını göstərdilər. Amma həmin idarədə mənim kimi 500 nəfərə yaxın işçi var. Məgər əmək müqaviləsi təkcə mənim üçündür? Demək belə çıxır ki, kim öz haqqını tələb edirsə işdən çıxmalıdır.

Onu da qeyd etmək istəyirəm ki, Hacıqabul Magistral Qaz Kəmərləri İdarəsində işçilərin əməyinə düzgün qiymət verilmir. Rəhbər vəzifələri tutan şəxslər sadə işçilərə yuxarıdan aşağı baxır, onların əmək hüquqlarını tapdalayırlar. Aylıq məvacibim 300-350 manat civarında idi. Hazırda işsiz qalmışam. Heç yerdən gəlirim yoxdur. Ailəmi dolandırmaqda çətinlik çəkirəm. İdarədə dəhşətli qanun pozuntuları mövcuddur. Mən həmin hallara göz yuma bilmədiyim üçün işdən çıxarıldım. Sahədə texniki təhlükəsizlik qaydalarına riayət olunmur. Fəhlələri köhnə maşınlarda, ən əsası “kislorod”, “propan” kimi təhlükəli maddələrlə eyni maşında aparırlar. Allah göstərməsin, partlayış olsa, işçilərin tikəsi belə ələ gəlməz. Etiraz edəndə deyirlər ki, xoşun gəlirsə işlə, gəlmirsə, xoş getdin. Kimin arxasında adamı varsa, ona dəyib dolaşmırlar. Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsində fəhləni adam yerinə qoymurlar. Bir vətəndaş olaraq haqqımı tələb edirəm.

Bu haqsızlıqla razılaşmıram və razılaşmayacam da. Sahədə işçilərə böyük təzyiq göstərilir. Fəhlələr işlərini itirməməkdən ötrü səslərini çıxarmırlar. Qəzet vasitəsilə aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən kömək istəyirəm. Xahiş edirəm ki, işə bərpa olunmağım və iki aylıq əmək haqqımı almağımda mənə köməklik göstərsinlər. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm”. Şikayətlə bağlı “Qaz İxrac” İdarəsinin rəisi Qağaməli Seyfullayevin və Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Elşən Miriyevin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi. Biz isə inanmaq istərdik ki, ARDNŞ rəhbəri Rövnəq Abdullayev vətəndaşın şikayətini araşdırıb ona lazımi köməkliyi göstərəcək.

Qarşı tərəflərin də cavab haqqını tanıyırıq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...