Türkiyənin Azərbaycandakı yeni səfirinin gəlişi nəyi dəyişəcək? - TƏHLİL

Türkiyənin Azərbaycandakı yeni səfirinin gəlişi nəyi dəyişəcək? -


“Erkan Özoralın Azərbaycandakı fəaliyyəti iki ölkə arasındakı münasibətlərin inkişaf dövrünə, o cümlədən böyük layihələrin reallaşacağı mərhələyə təsadüf edəcək”. Gundeminfo.az yazır ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Türkiyənin Azərbaycandakı yeni səfiri Erkan Özoralla bağlı şərhində deyib.

“Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoral artıq Bakıdadır. Düşünürəm ki, rəsmi Bakı yeni səfirin etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etməsi prosedurunu gecikdirməyəcək. Əski səfir İsmayıl Alper Coşqun Azərbaycanda 4 il çalışdı. Bu müddətlə o, özündən əvvəlkiləri də geridə qoydu. Fikrimcə, Türkiyə XİN Erkan Özoralın Azərbaycanda çalışması üçün kifayət qədər zaman tanıyacaq. Əslində Azərbaycan Erkan Özoral üçün tanış ölkədir. O, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın müavini qismində Bakıda çalışıb. Bir neçə məclisdə türklər demişkən, tokalaşmışıq. Gənc olmasına rəğmən, işini bilənə oxşayır. Azərbaycanda çalışqan səfirlər olub, açıq demək lazımdır, aydan-aya maaşını gözləməklə vaxtını öldürənlər də. Şübhə etmirəm ki, Erkan bəy birincilərdən olacaq”.

Politoloqun sözlərinə görə, çalışqan səfirlər Ankaranın diqqətini daima çəkib. “1990-cı illərin ortalarındakı səfir Faruk Osman Loğoğlunun Azərbaycandakı fəaliyyəti həssas dönəmə təsadüf etdi. Azərbaycanda 1995-ci ildə dövlət çevrilişinə cəhddə Türkiyənin adı çəkildiyi dönəmdə Loğoğlu əllərini çırmaladı, münasibətləri lazım axara yönəltdi, hələ üstəlik Bakı-Tiflis-Ceyhan boru xətti ilə bağlı sulların ortadan qaldırılmasında önəmli rol oynadı. Təsadüfi deyil ki, Faruk bəy Ankaraya qayıtdıqdan sonra bir müddət nazirin müşaviri, daha sonra ölkəsinin ABŞ-dakı səfiri vəzifələrində çalışdı.

Erkan Özoral üçün indiki mərhələdə Azərbaycanda çalışmaq daha rahatdır, Allaha şükür ki, “bayraq böhranı” kimi olaylar arxada qaldı, Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması da mümkün deyil. Hazırda Azərbaycan-Türkiyə münasibətləri özünün ən pik nöqtəsini yaşayır, irəlidə daha böyük naliyyətlər gözlənilir. Onun Azərbaycanda çalışacağı illərdə Bakı-Tiflis-Qars dəmir yolu, TAP və TANAP boru xətləri və SOCAR-ın Türkiyədəki zavodları işə düşəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
279 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...