Matəm aylarının “vurduğu“ biznes sahələri...

Natiq Cəfərli: “Bu insanların şəxsi gəlirlərindən tutmuş büdcə gəlirlərinin azalmasına qədər təsir göstərir”
İslam dinində müqəddəs aylardan sayılan Məhərrəmlik ayında insanlar 40 gün (əslində iki ay) ərzində xeyir işlərini dondururlar.
İnsanlar bu müddətdə elçi getmir, toy, nişan, ad günü keçirmir, təmtəraqlı şəkildə gülüb-əylənmirlər. Məhərrəm və səfər aylarında ayında şadlıq mərasimlərinin, xeyir işlərin keçirilməməsi artıq ənənə halını alıb və bu uzun illərdir ki, bu cür davam edir. Bu cür qadağaların dini əsası olmasa da, xalq ərsrlərdir ki, bu ənənəni yaşadır.
Bu iki aylıq matəm havası iqtisadiyyata da təsirsiz ötüşmür. Paytaxtda və ölkənin rayonlarında fəaliyyət göstərən restoran və şadlıq evlərinin, demək olar ki, hamısı öz fəaliyyətini dondurub. Gəliri buradan çıxan minlərlə insan - ofisiantlar, aşpazlar və onların köməkçiləri, texniki işçilər, mühafizəçilər, müğənni və çalğıçılar, fotoqraflar və başqaları işsiz qalıb.
Toy biznesinin alt üst olması yalnız bu sahəyə deyil, paralel olaraq ərzaq bazarından tutmuş, gözəllik salonlarına kimi bir sıra obyektlərə də öz təsirini göstərir. Hamıya məlumdur ki, restoranlar toy şənliklərini keçirə bilmək üçün ərzaq ehtiyatını hansısa firma və mağaza şəbəkəsi ilə anlaşaraq görür. Təsadüfi deyil ki, bütün ərzaq, içki firmalarının, ətlik mal-qara sahiblərinin ən böyük bazarı və gəlir mənbəyi məhz şadlıq evləri sayılır.
Ümumilikdə, iki aylıq matəmin “öldürdüyü” biznes sahələrindəki vəziyyətlə daha yaxından tanış olmaq üçün bir neçə məkana baş çəkdik. İlk olaraq yolumuzu bu ayda işləri tamamilə dayanan gözəllik salonlarından saldıq.
Əksəriyyət gözəllik salonları heç açılmamışdı. Açılan gözəllik salonlarında isə ustalardan başqa heç kim gözə dəymirdi. Xatırladaq ki, salonlarda bir gəlinin bəzədilməsi minimum 150 manatdan başlayır. Bundan başqa, toya gələn xanımların əksəriyyəti salonların xidmətlərindən istifadə edirlər ki, bu da salon işçiləri üçün əlavə pul, dövlət üçünsə büdcəyə gəlirin daxil olması deməkdir. Salonda çalışan saç ustası Ləman Əliyeva matəm aylarında gəlirlərinin olmadığını deyir: “Bu salonu icarəyə götürmüşəm. 600 manat yer pulu verirəm. Məhərrəmlik ayında heç yer pulunu çıxara bilmirəm. Başqa vaxt bizin salonda növbələr olur. Ancaq məhərrəmlikdə bir-iki nəfər gəlir, ya gəlmir”.
Qızıl və kirayə paltar bazarında da durğunluq vardı. Baş çəkdiyimiz “Laçın” ticarət mərkəzində də gəlinlik, kirayə paltar bazarının önündə heç kim yox idi. Satıcılar paltar kirayələmək istəyənlərə paltarları həmişəki qiymətdən ucuz təklif etdiklərini deyirdilər. Çünki alıcı yoxdur. Gəlinlik kirayəsi ilə məşğul olan satıcı isə əksəriyyət gəlinliklərin artıq kirayələndiyini dedi: “Məhərrəmlikdən sonra toylar çox olacaq. Hamı gözləyir ki, bu ay çıxsın. Ona görə də gəlinlik kirayə bazarında qıtlıq ola bilər. Yəni hansısa qızın istədiyi gəlinliyi bir neçə insan kirayələyə bilər. Ona görə də bəzən gəlib indidən gün yazdırırlar”.
“Xalqlar dostluğu” metrostansiyası yaxınlığında yerləşən gəlin maşınlarının bazarı da “ölüb”. Hətta burada bir çox insanlar gəlin maşınlarını artıq sərgiyə çıxarmırlar. Söhbətləşdiyimiz Ənvər Quliyev iki gündür gəlin maşınıyla dayandığını, ancaq heç kimin ona yaxınlaşmadığını deyir: “Bilirəm, indi sifariş edən olmaz. Ümidim matəmdən sonrayadır. Sadəcə olaraq ona görə dayanıram ki, məhərrəmlikdən dərhal sonra toy etmək istəyənlər gəlib maşın üçün yazıla bilərlər. Hələ ki gələn yoxdur”.
Qeyd edək ki, xınayaxdı hazırlığı, toy səbətlərinin alınması, onun içinin şirniyyat və geyimlə doldurulması və sair ənənələr də ticarətlə birbaşa əlaqəlidir ki, bunların da bazarında xeyli geriləmə müşahidə edilir. Məhərrəmlik ayı qızıl satanların da bazarına ciddi şəkildə təsir göstərib. Qızıl satıcısı Əli Məmmədov deyir ki, əvvəllər gün ərzində dəyəri aşağısı 2000 manat olan zinət dəstləri satırdılar, indi isə alver tamamilə dayanıb.
Məhərrəm və səfər aylarında 40 gün bir sıra sahələrin iş fəaliyyətinin dondurulmasının iqtisadiyyata olan zərərlərinə gəlincə isə iqtisadçı ekspert Natiq Cəfərli bunun dövlət büdcəsinə təsirsiz ötüşmədiyini bildirdi: “Bu, bir adət-ənənədir. Bununla bağlı xalqın hər hansısa bir işi saxlaması, bəzi sahələrin 1 aydan da çox müddətə dayanması təbiidir. Bunun iqtisadiyyata zərəri iki sahədə ola bilər. Şadlıq evlərindən gələn vergilərin məbləğini bilmirəm. Çünki Vergilər Nazirliyi bununla bağlı ayrı-ayrı detallı açıqlamalar vermir. Ən azı o vergilərin bu aylarda ciddi azalması gözlənilir. O sahədə çalışan minlərlə insan maaş almır. Yaxud da işin tamamilə dayanması onların şəxsi büdcələrinə ziyan vurur. Onlar qazanmadıqca təbii ki, vergi də vermirlər, bu da büdcəyə əlavə vəsaitlərin daxil olmasına maneçilik törədir. Şadlıq evləri öz mərasimlərini yerinə yetirmək üçün ciddi şəkildə məhsullar alırdılar. Söhbət içkilərdən tutmuş ət məhsullarına qədər olan ərzaq məhsullarından gedir. Yəni bu sahələrdə də satışlarda azalmalar var. Bu şadlıq evlərinin ərzaq aldıqları müəssisələrin, mağazaların və yaxud da şəbəkələrin özündə satışların azalması onların vergilərinin azalmasına səbəb olur. Yəni bu zəncirvari reaksiya ilə bir-birinə bağlıdır. İnsanların şəxsi gəlirlərindən tutmuş büdcə gəlirlərinin azalmasına qədər təsir göstərir. Amma dediyim kimi, bu ənənə illərdir oturuşmuş adət-ənənədir. Mən inanmıram ki, yaxın gələcəkdə bununla bağlı hər hansısa bir dəyişikliklər olsun”.
434 dəfə oxundu