İrəvan Qarabağı diplomatik masada uduzub - Sıra Zakir Həsənovdadır...

İrəvan Qarabağı diplomatik masada uduzub -


Dünən İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT, ona “Rus NATO-su” da deyilir) üzv ölkələrin başçılarının sammiti keçirilib. Rusiya, Belarus, Qırğızıstan, Ermənistan və Tacikistan prezidentlər səviyyəsində təmsil olunub. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə xəstəlik səbəbi ilə tədbirə qatılmaqdan imtina edib - hərçənd səfərin təxirə salınmasını siyasi səbəblə bağlayanlar da var. Nazarbayevin əvəzinə İrəvana qazax baş nazir gəlib.

Rusiya lideri Vladimir Putini hava limanında erməni həmkarı Serj Sərkisyan şəxsən qarşılayıb. Maraqlıdır ki, Putin Ermənistana Gürcüstan yox, Azərbaycan üzərindən uçaraq gəlib. Bu barədə xəbəri armrus.info portalı yayıb. Portalın iddiasına görə, Kreml başçısı bununla həm də İrəvana Qarabağ mesajı verib.

***
İrəvan sammitində indiyədək qurum çərçivəsində qəbul olunmuş qərarların yerinə yetirilməsi ilə bağlı vəziyyətin müzakirəsi, təşkilata rəhbərliyin Ermənistandan Belarusa keçməsi, qurumun yeni baş katibi qismində Ermənistan nümayəndəsinin təsdiqlənməsi, habelə beynəlxalq vəziyyətin müzakirəsi, təşkilatın işinin təkmilləşdirilməsi, terrorizmlə birgə mübarizə və digər məsələlər diqqət mərkəzində olub.

Erməni rəsmi qaynaqlarına görə, gündəlikdəki 20 məsələ sırasında Qarabağa dair bəyanatın qəbulu da olub. Lakin az sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbəri təkzib edib: “KTMT Qarabağı müzakirə etməyəcək”. Bu da məntiqlidir, çünki erməni tərəfinin canfəşanlığına rəğmən, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan, “Rus NATO-su”nun məsuliyyət zonasına daxil deyil. Beləcə, İrəvanın Qarabağ mövzusunu gündəliyə salmaq cəhdi fiasko olub.

Sammitdən öncə KTMT xarici işlər nazirləri Şurasının hazırkı sədri, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın rəhbərliyi ilə üzv dövlətlərin xarici işlər nazirləri Şurasının, müdafiə nazirləri və təhlükəsizlik şuraları katibləri Komitəsinin birgə iclası olub.

***
“Sessiyada KTMT ölkələri liderləri əvvəllər qəbul edilmiş anlaşmalardan dolayı kifayət qədər geniş spektrli məsələləri müzakirə edəcək, qurumun yaxın perspektiv üçün fəaliyyət oriyentirlərini müəyyənləşdirəcək bir sıra sənədləri nəzərdən keçirəcəklər”. Bunu sammitin açılışı zamanı Ermənistan prezidenti Serj Sərkisyan deyib.

Lakin ən önəmlisi sammitdə KTMT-nin NATO-ya qarşı duracaq bir hərbi-siyasi blok qismində təsbit olunmasına yönəlik məsələlərin müzakirəsi idi. Belə ki, son vaxtlar ABŞ və NATO-nun Şərqi Avropanın Rusiya ilə həmsərhəd ölkələrində (Polşa, Rumıniya) yeni Raketdən Müdafiə Sistemləri (RMS) yerləşdirməyə başlaması Moskvada güclü qıcıq yaradıb. Kreml rəsmiləri bununla bağlı hətta alyansın ünvanına hədələr ünvanlamaqdan da çəkinmir.

İrəvanda isə KTMT-də Rusiyanın nümayəndəsi Viktor Vasilyev deyib ki, “Ermənistan və KTMT-nin digər üzvləri Avropada ABŞ və NATO-nun RMS yerləşdirməsini öz təhlükəsizliyinə hədə hesab edir və o üzdən buna qarşı durmalıdır”. Onun sözlərinə görə, məhz belə bir yanaşma KTMT-nin Kollektiv Təhlükəsizlik Strategiyasında əksini tapıb - hansı strategiya ki, blokun İrəvan sammitində təsdiqlənməlidir və 2025-ci ilədək olan müddəti nəzərdə tutur.

Rusiya nümayəndəsi onu da deyib ki, “əgər əvvəllər belə sistemlərin Avropada yerləşdirilməsi zərurəti İranın nüvə silahı təhlükəsi ilə bağlı idisə, artıq belə təhlükə yoxdur. Amma NATO-nun Polşa və Rumıniyada möhkəmlənməsi davam edir. Bu isə narahatlıq yaradır”.

***
Məsələnin belə qoyuluşu zaman-zaman Rusiya ilə Qərb (ABŞ, NATO, AB) arasında ikili oyun oynayan, faktiki, iki stulda oturmağa çalışan (təkcə o fakt ki, KTMT-nin İrəvan sammiti ərəfəsində prezident Serj Sərkisyan ABŞ-a səfər edib, yəni faktiki, sammitə Nyu-Yorkdan gəlib, özlüyündə çox şeyi deyir) işğalçı Ermənistanda təlaş yaradıb.

Erməni təhlilçi Akop Badalyan bununla bağlı öz şərhində yazıb: “Rusiyanın narahatlığı onun öz problemidir. Ancaq Moskvanın öz problemini KTMT-yə keçirməsi artıq həm də Ermənistanın qayğısıdır - üstəlik də əgər Avropada yerləşdirilən RMS heç bir halda Ermənistanın təhlükəsizliyinə təhdid yaratmırsa. Bizə təhlükə heç də NATO RMS-dən gəlmir, Rusiyanın Azərbaycana silah tədarük etməsindən gəlir”.

Akopyana görə, əgər İrəvan Kremlin bu təşəbbüsünə qoşulsa və həmin sənədi imzalasa, o zaman bu, təkcə absurd qərar olmayacaq, eyni zamanda Ermənistanın təhlükəsizliyinə birbaşa təhlükə olacaq. “Ermənistan bununla faktiki, özünü Avroatlantik təhlükəsizlik sisteminin rəqibi elan etmiş olacaq. Odur ki, İrəvan əlindən gələni etməlidir ki, Rusiyanın bu qəbildən təşəbbüsləri rədd edilsin. Əks halda, Ermənistan Rusiya-Qərb qarşıdurmasının qaynar ocağına cəlb edilmiş olacaq”, - deyə erməni şərhçi qeyd edib.

Başqa bir erməni analitiki - Musa Mikaelyan bu xüsusda yazıb: “Problem ondadır ki, KTMT sammiti Rusiya ilə Qərb qarşıdurmasının kəskinləşdiyi, hətta yeni mərhələyə adladığı qəliz geosiyasi vəziyyətə təsadüf edir. Və belə bir vəziyyətdə qurumun baş katibi Nikolay Bordyuja İrəvanda bəyan edir ki, mövcud geosiyasi reallıqlar KTMT-nin hərbi potensialını artırmağı tələb edir. Bu isə əlbəttə ki, əsas verir düşünək ki, Qərblə qarşıdurmada Rusiya KTMT-ni daha kəskin əks-alət qismində istifadə edə bilər. İrəvan sammitində ən intriqalı məsələ də odur ki, təşkilat üzvlərinə Rusiyanı bundan çəkindirmək nəsib olacaqmı? Bu alətin (KTMT - red.) mahiyyətcə Ermənistanın təhlükəsizliyinə heç bir dəxli yoxdur. Buna biz aprel müharibəsi zamanı öz dərimizdə artıq əmin olmuşuq - 102 vətəndaşımızı itirməklə”.
Onu da qeyd edək ki, KTMT Akademiyası da İrəvanda yerləşir və dünən binanın açılışı olmalı idi.

***

Qəzet çapa gedərkən məlum oldu ki, İrəvan toplantısında KTMT-nin Kollektiv Təhlükəsizlik Strategiyası qəbul olunub. Qurumun baş katibi vəzifəsinə erməni generalın gətirilməsi məsələsi isə ertələnib. Sərkisyan bu məsələnin gündəmdən çıxarıldığını, ona bu ilin axırında Moskvada baxılacağını bildirib. Həmin posta Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın təsdiqlənməsi gözlənilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
305 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...